Ölkənin təbii-mədəni gözəllikləri dron kameraları vasitəsilə tanıdılacaq

 

Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə əlaqələr idarəsi ölkənin tanıtımı üçün fərqli bir layihəyə imza atıb. Avqustun 23-də başlayan Dron festivalı dünyada bu qəbildən ilk belə yarışmadır.

Avqustun 28-dək davam edəcək festivalda Türkiyə, ABŞ, İngiltərə, Fransa, İspaniya və İsveçrədən 12 professional universal çəkiliş dronları iştirak edir. “FPV drone” (kameralı dronlar) pilotları Türkiyənin ən əhəmiyyətli yerlərini tanıtmaq üçün yarışırlar.

Türkiyə Prezidenti Administrasiyası İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun bildirib ki, dronlar Antalya, Muğla, Van, İstanbul, Mardin, Hatay, Adıyaman – ümumilikdə 12 şəhərdə “tarix”, “inanc”, “su” və “sağlamlıq” kateqoriyaları üzrə Türkiyənin tarixi, təbiət və mədəniyyət məkanlarının görüntülərini çəkəcək.

Çəkilən videogörüntülər festivalın internet saytında (www.turkdronefest.com) yayımlanacaq. Ən yaxşı videomaterial internet üzərindən səsvermə ilə bəlli olacaq. Mükafatlandırma mərasimi 30 sentyabrda keçiriləcək.

Mehparə SULTANOVA
Ankara