Kürdəmir Regional Mədəniyyət İdarəsi əhatə etdiyi Kürdəmir, İmişli, Beyləqan, Füzuli və Xocavənd rayonları üzrə şəhid övladları üçün “Yolumuz Qarabağadır” adlı layihə həyata keçirib.

Layihə 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan döyüşçülərin övladlarını vətənpərvərlik ruhunda tərbiyə etmək, mədəniyyət sahəsi üzrə biliklərini artırmaq, asudə vaxtlarının səmərəli təşkili məqsədilə reallaşdırılıb. İki gün davam edən layihə çərçivəsində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, tanınmış peşəkarlarla, qurum rəhbərlərilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər təşkil edilib.

Layihənin birinci günü – avqustun 21-də Füzuli rayonuna səfər olub. Rayon Heydər Əliyev Mərkəzinə və Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyalar təşkil edilib. Füzuli rayon Muğam Mərkəzində tanınmış aktyor, qiraətçi Kamal Yaşarın iştirakı ilə uşaqlar üçün “qiraət saatı” keçirilib. Psixoloqlar Aynur Xudanlı və Ləman Səfərova uşaqlarla fərdi və qrup şəklində söhbət aparıb, psixoloji oyunlar təşkil ediblər.

Avqustun 22-də Beyləqan rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Gənclik” teatrı xüsusi olaraq uşaqlar üçün hazırlanmış tamaşa təqdim edib. Şəhid övladlarının “Səfər xatirələrim” adlı şifahi mini-esseləri dinlənilib. Kamal Yaşarın iştirakı ilə daha bir “qiraət saatı” gerçəkləşib. Daha sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin “Qayıdış” parkında əyləncəli oyunlar təşkil olunub.

Sonda layihə iştirakçılarına sertifikatlar təqdim edilib. Layihəyə Kürdəmir Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi beş rayondan 8-14 yaşında 17 şəhid övladı qatılıb.