C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının yeni təsis olunan nəşri – “Kitabxana və informasiya elmləri” jurnalının ilk nömrəsi işıq üzü görüb.  Jurnalın redaksiya heyətində və ekspert (qiymətləndirmə) komissiyasında kitabxana və informasiya elmləri üzrə aktiv elmi tədqiqatlar aparan Azərbaycan və xarici ölkə alimləri yer alıb.

Jurnal kitabxana və informasiya mütəxəssisləri, bu sahədə tədqiqat aparan alimlər  və təhsil alan magistrant və doktorantlar üçün nəzərdə tutulmuş nəşrdir.  Birinci nömrədə  Azərbaycan  və rus dillərində məqalələr çap edilib, onların tərtibatı və resenziyalaşması beynəlxalq nəşr standartının normalarına uyğun aparılıb.

Kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyevin verdiyi məlumata görə, jurnal dünyanın tammətnli məlumat bazalarına daxil olunacaq,  beynəlxalq istinad bazalarında indeksləşməsi təmin ediləcək.

Baş redaktor, fəlsəfə doktoru Azad Qurbanov bildirib ki, jurnalda əvvəllər heç bir yerdə nəşr olunmayan orijinal əsərlər dərc ediləcək. Təqdim olunan bütün məqalələr beynəlxalq müəllif  etikasına və tərtibat qaydalarına uyğun olmalıdır. Jurnala qəbul ediləcək hər bir məqalə iki mütəxəssisin rəyinə göndəriləcək və hər bir məqalə “antiplaqiat” ekspertizası keçdikdən sonra çap olunacaq.