23 avqust... 27 il bu gün təqvimimizdə qara haşiyəli olub. Cəbrayıl və Füzuli sakinləri 27 il bu günü yurd itkisinin ağrısı, torpaq həsrətinin acısı ilə anıblar...

1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarının mərkəzlərini, hər iki rayonun kəndlərinin böyük hissəsini işğal etdi. Həmin ilin oktyabrında bu rayonların ərazisi bütünlüklə düşmən əlinə keçdi. 1994-cü ilin yanvarında Azərbaycan Ordusu Füzuli rayonunun Arazboyu kəndlərini, Horadiz qəsəbəsini düşməndən azad etdi. Yaşayış məntəqələrinin yenidən qurulmasından sonra həmin ərazilərdən köçkün düşmüş əhalinin böyük qismi öz torpaqlarına geri qayıtdı. Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində yeni qəsəbələr də salındı,  Horadiz şəhər statusu aldı, yaşayış məntəqələrində sosial infrastruktur, mədəniyyət, təhsil, səhiyyə və s. obyektlər inşa edildi.

2016-cı ilin Aprel döyüşlərində düşmənə sarsıdıcı zərbə endirən müzəffər ordu hissələrimiz Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyinə bayrağımızı sancdı, eyni zamanda rayonun Cocuq Mərcanlı kəndi düşmən hədəfindən qurtuldu. 2017-ci ildə Cocuq Mərcanlı kəndini yenidən inşa edildi, sakinlər doğma torpağa döndü...

Amma Cəbrayıl rayonunun Cocuq Mərcanlıdan savayı bütün ərazisi, Füzuli rayonunun isə təxminən üçdən ikisi, o cümlədən Füzuli şəhəri işğal altında idi... 2020-ci ilin Zəfər soraqlı 44 günlük müharibəsinədək...

4 oktyabr 2020-ci il – Vətən müharibəsində ilk qazı şəhər – Cəbrayıl erməni işğalından azad edildi.

17 oktyabr 2020-ci il – rəşadətli Ordumuz Füzuli şəhərinə daxil olaraq doğma yurddan düşmənin ayağını kəsdi.  

8 Noyabr Zəfəri ilə Azərbaycan ərazi bütövlüyünü təmin etdi...

27 il ard-arda Cəbrayıl və Füzuli sakinləri 23 avqustu şəhid məzarlarını ziyarətlə, ağrı-acılı, qara bir gün olaraq qeyd ediblər.

“Cəbrayıl və Füzulinin işğalından daha bir il ötdü” – axırıncı dəfə bu başlığı 2020-ci ilin 23 avqustunda yazmışdıq. Bu, son oldu...

Artıq 23 avqust üzərində 27 il qəlbimizi sızladan qara haşiyə yoxdur.  23 avqust bizim üçün təqvimin sıradan bir günüdür, 1993-cü ildən öncə olduğu kimi...

Şəhid məzarlarını ziyarət edəcəyimiz, qəhrəman Vətən oğullarına alqış deyəcəyimiz yeni gün isə var. Həm də bir deyil, iki: 4 oktyabr, 17 oktyabr...

Vuqar ORXAN