Azərbaycan mədəniyyətini tanıdan çadır da qurulub

 

Türkiyənin Malazgird (Muş) və Ahlat (Bitlis) rayonlarında (ilçələrində) Malazgird Zəfərinin (1071) 950-ci ildönümü münasibətilə təntənəli tədbirlər keçirilir.

Tədbirlərə avqustun 23-də Bitlis vilayətinin Ahlat rayonunun Çarho bölgəsində, hökumətin qərarı ilə “1071 Malazgird Meydan Müharibəsi Tarixi Milli Parkı” elan edilən ərazidə start verilib. Milli park elan edilən 150 min kvadratmetr ərazidə “1071 Sultan Alp Arslan otağı” və 50 çadır qurulub. Burada Azərbaycan mədəniyyətini tanıtma çadırı da ziyarətçiləri qəbul edir.

Tədbir “Mehtər marşı”nın ifası ilə başlayıb. Sonra çadırlara və digər bölmələrə baxış olub.

Azərbaycanın Türkiyədəki Səfirliyi və ölkəmizin Qars şəhərindəki Baş konsulluğunun dəstəyi ilə qurulan çadır iki ölkənin bayraqları ilə bəzədilib. Monitorda Azərbaycanın tarixi, mədəniyyəti, Qarabağ Zəfəri, eləcə də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birlikdə Şuşaya səfərini əks etdirən kadrlar nümayiş olunur.

Açılış mərasimində Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Qars şəhərindəki baş konsulu Nuru Quliyev iştirak ediblər. Mərasim iştirakçıları Azərbaycan çadırı ilə maraqla tanış olublar.

Naxçıvan Dövlət Filarmoniyasının “Şuşa” muğam qrupu möhtəşəm ifası ilə Azərbaycan çadırının qurulduğu məkanda canlanma yaradıb. Əməkdar artist, xanəndə Zülfüqar Mahmudovu tarda Sərxan Abdullayev, kamançada Nurlan Nuriyev müşayiət ediblər.

Avqustun 24-də Muş vilayətinin Malazgird ilçəsində rəsmi açılış mərasimi keçirilib. Malazgird Zəfərinin 950 illiyi tədbirlərində pərvaz, uşaq oyunları, oxçular, atlı oxçular, dəri sənəti və s. bölmələr fəaliyyət göstərir.

26 avqust 1071-ci ildə Sultan Alp Arslanın başçılıq etdiyi Səlcuq ordusu ilə Bizans İmperatoru Romen Diogenin qoşunları arasında Malazgird döyüşü baş verib. Alp Arslanın 50 minlik süvari ordusu Bizansın 200 minlik qoşunu üzərində qələbə çalıb.

İmperator Diogen əsir düşüb. Alp Arslan onu bağışlayıb və tərəflər arasında 50 il müddətinə sülh müqaviləsi bağlanıb. Müqaviləyə görə, Bizans hər il Səlcuq dövlətinə vergi verməli, lazım gəldikdə hərbi yardım göstərməli idi.

Zəfər Anadolunun qapılarını əbədi olaraq türklərə açdı. Bu qələbədən sonra oğuz türklərinin Səlcuqlar dövləti Qafqaz-Yaxın Şərq regionunun hegemon gücünə çevrildi. Malazgird döyüşü ümumilikdə dünya tarixində dönüş oldu. Bizans İmperiyasının mövqeləri sarsıldı. Bizansın əsas dayağı olan Kiçik Asiyanın fəthi bu dövlətin zəifləməsində və gələcəkdə dağılmasında böyük rol oynadı.