Rza Diqqəti altı aya ərsəyə gələn Füzuli aeroportu ilə bağlı fotolarını paylaşıb

 

Azərbaycan əsilli məşhur fotojurnalist Rza Diqqəti (Reza Deqati) Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə bağlı çəkdiyi fotoları “İnstagram” səhifəsində paylaşıb.

O, paylaşımında yazıb: “2020-ci ilin oktyabrından başlayaraq, 1992-ci ildən bəri Qarabağın işğalı dövründə baş verən dağıntıların fotoşəkillərini çəkirəm. Amma hələ yarısını belə çəkə bilməmişəm. Bu arada, demək olar ki, dərhal başlanan yenidənqurma işləri və yeni planlar bölgənin parlaq gələcəyini göstərir.

Əsas maneə erməni qüvvələri tərəfindən qoyulan milyonlarla minadır ki, hətta üçtərəfli müqaviləni (Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin 10 noyabr 2020-ci il tarixli Bəyannaməsi – red.) imzaladıqdan sonra da Ermənistan hökuməti bütün beynəlxalq qanunlara zidd olaraq mülki insanların ölümünə səbəb olan və yenidənqurma işlərini gecikdirən minaların xəritələrini verməkdən imtina edir”.

Rza Diqqəti qeyd edir ki, bütün bu maneələrə rəğmən davam edən işlər həqiqətən də, möcüzədir. O, paylaşdığı fotosilsilədə Füzuli aeroportunun tikintisinin 2021-ci ilin fevralında başladığını diqqətə çatdıraraq yazır ki, dünyanın heç bir yerində belə hava limanı bir neçə ay ərzində tikilmir: “Buraya ilk təyyarə sentyabrın 5-də enəcək! Daha çox “Qarabağ İntibahı” hekayələri üçün səhifəni izləməyə davam edin”.

Qeyd edək ki, Füzuli Beynəlxalq Hava Limanının təməli 2021-ci il yanvarın 14-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Hava limanının 3 min metr uzunluğunda uçuş-enmə zolağı ən iri təyyarələri belə qəbul edə biləcək.

Avqustun 20-dən başlayaraq hava limanında radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisi ilə uçuşlar həyata keçirilir. Bu barədə “Azərbaycan Hava Yolları” QSC (AZAL) məlumat yayıb. Yoxlama ATR 42-500 biznes sinif təyyarəsinə quraşdırılmış AFİS (Aero Flight İnspection System) uçuş müfəttişliyinin tam avtomatlaşdırılmış kompleksinin tətbiqi ilə həyata keçirilir. AFİS hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün istifadə olunan müasir tam avtomatik uçuş nəzarət sistemidir.