DİM rəhbəri abituriyentlərə tövsiyələrini verib

 

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, avqustun 24-nə olan məlumata görə, 27 minə yaxın abituriyent ərizəsini təsdiqləyib.

DİM ali təhsil müəssisələrinə qəbul planının müqayisəli təhlili ilə bağlı statistikanı da açıqlayıb. 2020-ci ildə dövlət sifarişli yerlərin sayı I-V ixtisas qrupları üzrə 21801 idisə, 2021-ci ildə bu rəqəm 1185 (5.44 faiz) yer artaraq 22986 olub.

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 23-24 avqust tarixlərində I-V ixtisas qrupları üzrə ixtisas seçimi ilə əlaqədar qurumun “Facebook” səhifəsində canlı yayımda abituriyentlərə tövsiyələrini verib. O, diqqətə çatdırıb ki, abituriyentlərin topladıqları bal ilə seçmək istədikləri ixtisasın ötənilki balları arasında fərq 10-15 bal aşağı və ya yuxarıdırsa, həmin ixtisasları seçmək olar. Lakin keçid balları abituriyentin topladığı baldan kəskin fərqlənirsə, məsələn 20-50 baldan çox fərq varsa, onun həmin ixtisasa qəbul olmaq şansı çox azdır deməkdir.

Eyni zamanda müxtəlif ixtisas qrupları üzrə vəziyyəti təhlil etdikdə bu strategiyada müəyyən dəyişikliklər edilə bilər.

I ixtisas qrupunda bu il plan yerləri 5.5% artıb, müsabiqəyə buraxılanların sayı isə ötən ilə nisbətən 321 nəfər azdır. Lakin 600 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayının ötən ilə nisbətən 29 nəfər çoxdur. Bu o deməkdir ki, ötən il keçid balı 600 baldan yuxarı formalaşan ixtisaslarda müsabiqə vəziyyəti bu il də yüksək olacaq. Bundan əlavə, bu il I ixtisas qrupu üzrə dövlət sifarişli yerlərin sayı 8.8% (820 yer) artıb. Bu qrupda dövlət sifarişli 10112 yerə qarşı 200 baldan yuxarı nəticə göstərən 9866 abituriyent var.

Bu il ən aşağı müsabiqə vəziyyəti II ixtisas qrupunda formalaşıb. Bu qrupda 150 və daha yuxarı bal toplayaraq müsabiqəyə buraxılanların hamısının ali təhsil müəssisələrinə qəbul olmaq şansı var. Bu qrupda subbakalavrların da şanslarını yüksək qiymətləndirmək olar. Amma keçid balları müxtəlif ixtisaslar üzrə fərqlidir.

Ən gərgin müsabiqə vəziyyəti III ixtisas qrupunda yaranıb. Burada dövlət sifarişli yerlərdə oxumaq üçün ən azı 400 baldan yuxarı nəticə göstərmək lazımdır. Ola bilsin ki, 300 baldan aşağı nəticə göstərən abituriyentlərdən ödənişli təhsil forması üzrə də ali məktəblərə qəbul olmayanlar olsun.

IV ixtisas qrupunda da bu il 500 və 600 baldan yuxarı nəticə göstərənlərin sayı artıb.  Bu da Tibb Universitetinin ixtisaslarına dövlət ali təhsil müəssisələrinin dövlət sifarişli yerlərinin ballarının artmasına səbəb olacaq. Ötən il 300-400 keçid balı formalaşan ixtisaslarda bu il də həmin ballara yaxın müsabiqə vəziyyətinin yaranacağını təxmin etmək olar.

Qeyd edək ki, DİM rəhbəri avqustun 25-də V ixtisas qrupu ilə əlaqədar “Facebook” səhifəsində tövsiyələrini bölüşəcək. İxtisas seçimi avqustun 30-dək davam edəcək.