Otuz ilə yaxın işğal altında qalan Azərbaycan torpaqlarında erməni vandalizminin izləri saymaqla bitmir. Hər tərəfdə erməni vəhşiliyinin izlərinin şahidi oluruq. AZƏRTAC-ın bölgə müxbiri Zəngilana səfəri zamanı bir daha erməni faşizmindən geriyə qalan izlərlə rastlaşıb...

Azərbaycan Ordusunun 44 günlük Zəfər yürüşü zamanı azad etdiyi tarixi torpaqlarımıza doğru səfərə çıxırıq. İstiqamət Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunadır. Bizi yolboyu təhlükəsizliyin təmin olunması üçün ərazidə xidmət aparan Daxili İşlər Nazirliyinin əməkdaşları müşayiət edirdi.

Polis əməkdaşı bizi qədim türbənin yerləşdiyi Məmmədbəyli kəndinə tərəf apardı. Kənd boyu dağılan evlər, məhv edilmiş flora və fauna erməni vandalizmindən xəbər verirdi. Kənddə bir tək salamat qalan tikili isə Məmmədbəyli türbəsidir. Bizimlə yol yoldaşı olan AMEA-nın aparıcı elmi işçisi Şakir Albalıyev həmin türbənin tarixindən söhbət açaraq bildirdi ki, Azərbaycan ərazisində belə türbələr çoxdur. Piramida formasında səkkizguşəli türbə XIV əsrdə inşa olunub. İşğal ərəfəsində türbə erməni vandalizminə məruz qaldığı üçün bir çox yerlərində dağıntılar var.

Məmmədbəyli türbəsində çəkilişi yekunlaşdırdıqdan sonra yolumuza davam edən zaman daha dəhşətli bir mənzərə ilə rastlaşdıq. Bizi müşayiət edən polis əməkdaşı avtomobili yolun kənarında saxlayaraq yoxuş bir yeri işarət etdi. Bu yerin nə olduğunu soruşduq, aldığımız cavabdan isə donub qalmışdıq. Həmin ərazi vaxtilə Məmmədbəyli kəndinin qəbiristanlığı olub. İşğal zamanı digər ərazilər kimi, bu qəbiristanlıq da yerlə yeksan edilib. Qəbiristanlıqdan əsər-əlamət belə qalmayıb. Bu faktın özü belə otuz ilə yaxın dövrdə Azərbaycanın necə bir faşizmlə üz-üzə olduğunu təsdiqləyir.

Lakin çox keçməyəcək ki, viran qoyulmuş bu torpaqlar yenidən qurulacaq, dirçələcək...