Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən şəhid və qazi övladları üçün “Zəfər düşərgəsi” başa çatıb.

Üç gün davam edən düşərgənin ilk günündə iştirakçılar Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzi ilə tanış olublar. Naxçıvan şəhərindən dəvət edilmiş psixoloq tərəfindən onlarla psixoloji seanslar aparılıb. Uşaqlara yapon kağız sənəti – oriqami üzrə ustad dərsi keçirilib. Günün sonunda film nümayişi təşkil olunub.

“Zəfər düşərgəsi”nin ikinci günündə Naxçıvan Dövlət Kukla Teatrının düşərgəyə gəlişi böyük sevinclə qarşılanıb. Kukla tamaşaları ilə yanaşı, sosial könüllülərin iştirakı ilə uşaqlar üçün müxtəlif əyləncəli oyunlar təşkil edilib. Sonra sağlamlıq imkanları məhdud uşaqlardan ibarət “Ümid” musiqi qrupunun və rayon Mədəniyyət evinin “Batabat” instrumental ansamblının konsert proqramı təqdim olunub.

Muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev çay süfrəsi ətrafında uşaqlarla görüş keçirib. Tədbirdə uşaqlara hədiyyələr təqdim olunub.

“Zəfər düşərgəsi”nin sonuncu günü də iştirakçılar üçün yaddaqalan olub. Düşərgə iştirakçıları müxtəlif əyləncəli oyunlarda, rəsm və milli yeməklərin hazırlanması üzrə ustad dərslərində həvəslə iştirak ediblər.