Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi Həsən Mirzəyev və Gəncə İctimai İştirakçılıq Məclisinin üzvləri ilə görüşüb. Görüşdə Gəncə şəhəri ilə bağlı bir çox aktual məsələlər müzakirə edilib, müxtəlif istiqamətlərdə birgə fəaliyyət planı nəzərdən keçirilib.

İdarənin tabe müəssisəsi olan Goranboy rayon Mərkəzi Kitabxanası tanınmış yazıçı-dramaturq, satirik şair, jurnalist, tərcüməçi Seyfəddin Dağlının (Seyfəddin Əliağa oğlu Abbasov; 1921-1983) anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirib.

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları rayon Gənclər evinin təşkilatçılığı ilə Lənkəran şəhəri və Lerik rayonunda yerləşən mədəniyyət və turizm müəssisələrində ekskursiyalarda iştirak ediblər. Ekskursiya zamanı iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun Lənkəran şəhərindəki ev-muzeyi də ziyarət edilib.

Regional idarənin tabeliyindəki Yardımlı rayon Heydər Əliyev Mərkəzində gənc mədəniyyət işçiləri və digər sahələrdən olan gənclər üçün internet resurslarından düzgün istifadə, həmçinin onlayn biznes və digər fəaliyyət sahələri üzrə gəlir əldə etməyin üsullarından bəhs edən “Gənc qazansın” adlı təlim keçirilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsi Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq musiqi məktəbinin fortepiano şöbəsi üzrə 5-ci sinif şagirdi Aylin Əsədli “Yunanıstan ulduzları” adlı beynəlxalq onlayn musiqi müsabiqəsində 3-cü yerə layiq görülüb.

Sabirabad Regional Mədəniyyət İdarəsi Saatlı rayon Heydər Əliyev Mərkəzində “Narkomaniyaya yox deyək” adlı tədbir təşkil olunub. Çıxışlar zamanı narkomaniyanın insan sağlamlığına, mənəviyyatına və psixologiyasına zərəri haqqında söz açılıb.

Şəki Regional Mədəniyyət İdarəsi Qax rayon MKS-nin təşkilatçılığı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığına həsr olunmuş “Bu da belə bir ömürdü, yaşadım” adlı tədbir keçirilib. Qaxın Şıxlar kənd klubu və kitabxanasının əməkdaşları, orta məktəbin bir qrup şagirdi Qax Rayon Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya ediblər. Muzeyin bələdçisi Nərgiz Həsənova qonaqları muzeyin fondundakı eksponatlarla tanış edib.

İdarənin əhatə etdiyi Qax rayon Ağçay kənd kitabxanasında “Yay məktəbi” çərçivəsində “Oyna, qalib ol!” adlı stolüstü oyun yarışması təşkil olunub.

İsmayıllı Regional Mədəniyyət İdarəsi Qəbələ rayon Heydər Əliyev Mərkəzində saz-söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə “Azərbaycanın ustad aşığı” adlı tədbir keçirilib.

Biləsuvar Regional Mədəniyyət İdarəsi Neftçala Rayon Tarix-Diyarşünaslıq Muzeyi “Qeyri-maddi mədəni irsimiz” başlığı altında sərgi təşkil edib.

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzinin filialları görkəmli xanəndə, Xalq artisti Xan Şuşinskinin (1901-1979) anadan olmasının 120 illiyi ilə bağlı videoçarxlar hazırlayıblar.

Şəmkir Regional Mədəniyyət İdarəsi Göygöl rayonu üzrə nümayəndəliyinin təşəbbüsü, Göygöl rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin (1942-2008) anadan olmasının 79-cu ildönümü ilə əlaqədar tədbir təşkil olunub.

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Amsar kənd kitabxanası kənd ərazisində yerləşən “Qırmızı qərənfil” istirahət zonasında səyyar kitabxana xidməti təşkil edib. MKS-nin Aşağı Xuc kənd kitabxanası isə “Aşıq poeziyamızın saflıq, müdriklik nəhəngi – Aşıq Ələsgər” mövzusunda tədbir keçirib.