26 avqust “Azərbaycan muğamı günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü”dür. Bu gün 2010-cu ildə Kanadada, Niaqara Şəhər Meriyası və Niaqara Musiqisi Festivalının rəhbərliyi tərəfindən təsis edilib.

Bu tarix bütün muğamsevərlərin, xüsusilə də, bu sənət növünü yaşadan və onun təbliğinə yaradıcılıq və həyat yolunu həsr edən şəxslərin bayramıdır. Muğam sənəti Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil etməklə, Azərbaycan xalqının mədəni ənənələrində və tarixində dərin köklərə malikdir. Bu mədəni ənənənin Azərbaycanda köklərinin olması ölkədə onun daşıyıcılarının sayı, eləcə də onun Azərbaycan bəstəkarlarının, rəssamlarının, heykəltəraşlarının və şairlərinin tükənməz ilham mənbəyi olan milli mədəniyyətdə mühüm rolu ilə təsdiqlənir.

Həm milli mədəniyyət üçün, həm də bütün bəşəriyyətin mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyəri, onun yüksək mənalılığı 2003-cü ildə UNESCO tərəfindən etiraf olunmuşdur. Təşkilat Azərbaycan muğam sənətini bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri elan etmişdir.

Əlamətdar gün münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən virtual sərgi hazırlanıb. Virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin muğam sənəti haqqında fikirləri, fotolar, mövzuya dair kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/Beynelxalq_Azerbaycan_mugami_ve_musiqisi_gunu/index.htm