Rəsmi İrəvanın UNESCO missiyası ilə bağlı bəyanatına cavab

 

“Ermənistan Xarici İşlər Nazirliyi hələ də “yaddaş pozğunluğu” sindromundan əziyyət çəkir. Belə olan halda biz qarşı tərəfə bir daha xatırladırıq ki, 30 ilə yaxın müddət ərzində Azərbaycana qarşı təcavüz siyasəti həyata keçirərək, onun beynəlxalq tanınmış ərazilərinin bir hissəsini hərbi işğal altında saxlayan Ermənistan bu torpaqlardakı tarixi, mədəni və dini irsin dağıdılması, mənimsənilməsi, mədəni sərvətlərimizin ölkəmizdən qeyri-qanuni çıxarılması kimi hərbi cinayətlərə görə məsuliyyət daşıyır”.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bu sözləri UNESCO missiyasının həyata keçirilməsi ilə bağlı Ermənistan XİN-in şərhinə münasibət bildirərkən deyib.

XİN-in Mətbuat xidməti idarəsinin rəisi bildirib ki, bu cinayətlərin araşdırılması üçün Azərbaycan tərəfindən vaxtilə UNESCO-ya bölgəyə səfər edilməsi ilə bağlı çoxsaylı müraciətlər edilib və məhz Ermənistan beynəlxalq missiyaların Azərbaycanın o zaman işğal altında olan ərazilərinə səfər etməsinə əngəl olub.

“Bu fakt təşkilatın hesabatlarında əks olunub. Ermənistan XİN-ə UNESCO-nun 2005-ci ildə dərc etdiyi fəaliyyət hesabatı ilə tanış olmağı tövsiyə edirik. Hesabatda aydın şəkildə, Azərbaycan hökumətinin Dağlıq Qarabağ və işğal olunmuş digər ətraf ərazilərə fakt araşdırma missiyasının göndərilməsi müraciəti, lakin Ermənistanın hərbi işğalı səbəbindən bu missiyanın həyata keçirilməsinin mümkün olmadığı qeyd olunur”, – deyə L.Abdullayeva bildirib.

Xatırladaq ki, avqustun 25-də Ermənistan XİN Azərbaycanın işğaldan azad edilmiş ərazilərində UNESCO missiyasının həyata keçirilməsinin vacibliyinə dair bəyanat yayaraq ölkəmizi erməni abidələrini dağıtmaqda ittiham edib.

L.Abdullayeva  qeyd edib ki, Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra Ermənistanın bu torpaqlarda törətdiyi məqsədyönlü dağıntıların miqyası beynəlxalq ictimaiyyət, o cümlədən dövlətlərin rəsmi nümayəndələri, müstəqil media agentlikləri, habelə qeyri-hökumət təşkilatları və s. tərəfindən ətraflı şəkildə qeydə alınıb: “Görünməmiş vandallıq və “mədəni təmizləmə” törətmiş bir ölkənin öz əməllərini ört-basdır etmək üçün Azərbaycana qarşı yalan və cəfəng ittihamlarla çıxış etməsi təcrübəsi, təəssüf ki, yeni deyil. Ermənistan tərəfi sonunda anlamalıdır ki, bu təcrübənin heç bir perspektivi yoxdur”.

XİN nümayəndəsi diqqətə çatdırıb ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərimizə UNESCO-nun müstəqil və obyektiv missiyasının həyata keçirilməsi məsələsinə dəfələrlə münasibət bildirib, hətta bu prosesi sürətləndirməyə çağırıb: “Rəsmi İrəvanın belə bir missiyanın həyata keçirilməsinə etiraz etmədiyini bəyan etdiyinə görə, ümid edirik ki, missiya yaxın zamanlarda reallaşacaq və onilliklər ərzində Azərbaycan ərazilərində Ermənistan tərəfindən aparılmış tarixi, mədəni və dini irsin məqsədli şəkildə məhv edilməsi siyasətinin nəticələri qeydə alınacaq”.