Latın Amerikası ölkələrinin aparıcı media qurumlarının təmsilçiləri ölkəmizə səfər çərçivəsində avqustun 26-da Füzuli və Cəbrayıl rayonlarında olublar.

Əcnəbi jurnalistlər Füzulidə Minatəmizləmə Agentliyinin nümayəndələri ilə görüşüb, minalanmış sahələrin təmizlənməsi prosesini izləyiblər. Onlara Füzuli-Cəbrayıl yolunda minatəmizləmə işləri barədə məlumat verilib.

Bildirilib ki, Ermənistan tərəfi həm otuz il davam edən işğal dövründə, həm də 2020-ci ildə 44 günlük müharibə vaxtı Azərbaycan torpaqlarına yüz minlərlə mina basdırıb. Hazırda azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatları bütün gücü ilə davam edir. 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra mina partlaması nəticəsində 30-a yaxın Azərbaycan vətəndaşı həlak olub, 100-dən çox insan yaralanıb.

Otuzillik işğaldan sonra bu torpaqlar öz sahiblərinə qayıtdı. Biz burada işğal dövründə törədilmiş vandalizmin izlərini görürük – dini, mədəni, tarixi abidələr, yaşayış yerləri yerlə yeksan olunub. Bu, çox ağır mənzərədir.

Bu sözləri Füzuli şəhərinə səfər zamanı Perunun “Prensa 21” xəbər portalının direktoru Karlos Linares söyləyib.

O bildirib ki, bu cür vəhşi əməllər insanı heyrətləndirir: “Burada ərazilərin kütləvi minalanması faktı ilə də qarşılaşdıq.

Bu yerlər ona görə minalanıb ki, Azərbaycan öz torpaqlarını azad etdikdən sonra burada aparılacaq bərpa işləri ləngisin və insanlar arasında daha çox ölüm halı olsun. Məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması ləngisin”.

Daha sonra Cəbrayıla gələn əcnəbi jurnalistlər ermənilər tərəfindən dağıdılan şəhərin qalıqları ilə tanış olublar. Bildirilib ki, işğaldan öncə Cəbrayıl tarixi abidələrin, dini məbədlərin zəngin olduğu məkan kimi, eləcə də səfalı təbiəti ilə tanınırdı. Lakin işğaldan sonra həmin Cəbrayıldan əsər-əlamət qalmayıb, ermənilər buradan müdafiə xarakterli ərazi kimi istifadə edib.

Qəbir daşları sındırılmış, qəbirlər qazılaraq cəsədlər çıxarılmış qəbiristanlıqlardan birində olan jurnalistlər bu vandalizmdən heyrətə gəliblər. Media nümayəndələri bunun insanlıqla bir araya sığmadığını vurğulayıblar.

Qonaqları səfər boyu Xarici İşlər Nazirliyinin əməkdaşı Emin Ələsgərov müşayiət edib.

Latın Amerikası ölkələri KİV nümayəndələrinin Şuşa və Gəncəyə də səfərləri nəzərdə tutulub.