Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyanın, Şüvəlan qəsəbəsində 12 saylı xüsusi internat məktəbinin yeni inşa edilən yataqxana korpusunun, Buzovna qəsəbəsində yenidən qurulan 229 saylı uşaq bağçasının açılışlarında iştirak edib.

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov məlumat verib ki, 1960-cı ildən fəaliyyət göstərən gimnaziyanın ərazisindəki məktəb və yataqxana binaları istismara yararsız vəziyyətdə olduğundan sökülüb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə onun yerində gimnaziyanın yeni binası tikilib. Xarici dillər təmayüllü gimnaziya 1029 şagird yerlikdir. Kompleksin həyətində yerləşən Laçın məktəbinin binası, yataqxana korpusu da yenidən inşa edilib.

Sonra Birinci vitse-prezident Mehriban Əliyeva Şüvəlan qəsəbəsində istifadəyə verilən 12 saylı xüsusi internat məktəbinin yeni inşa edilən yataqxana korpusu ilə tanış olub. Məlumat verilib ki, 1972-ci ildən fəaliyyət göstərən 12 saylı xüsusi internat məktəbində dayaq-hərəkət pozğunluğu olan sağlamlıq imkanları məhdud 6-14 yaş həddində 120 şagird təhsil alır. Tədris korpusunun daxilində yerləşən yataqxana Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq tədris otaqlarına uyğunlaşdırılıb və müəssisənin ərazisində yeni yataqxana korpusu inşa edilib.

Birinci vitse-prezident Heydər Əliyev Fondunun təşəbbüsü ilə Buzovna qəsəbəsində yenidən qurulan 229 saylı uşaq bağçasında yaradılan şəraitlə də tanış olub. Vaxtilə fərdi yaşayış evi kimi inşa olunan bina 1957-ci ildən uşaq bağçasına uyğunlaşdırılıb. 1937-ci ildə inşa olunan bina qəzalı vəziyyətdə olduğundan sökülərək Heydər Əliyev Fondunun təşəbbüsü ilə yerində yeni bağça binası inşa edilib.