Azərbaycan Respublikasının Meksikadakı Səfirliyinin dəstəyi ilə – Meksika, Kolumbiya, Peru, Qvatemala, Kosta-Rika, Honduras və Panamanın media nümayəndələri ölkəmizdə səfərdədir. Səfər 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyət, azad edilmiş ərazilərimizin durumu, məcburi köçkünlərin geri qayıtmasına münasibətdə mövcud maneələr, aparılan bərpa və quruculuq işləri, eləcə də digər məsələlərin bu ölkələrin kütləvi informasiya vasitələrində işıqlandırılması məqsədi daşıyır.

Latın Amerikası ölkələrinin media nümayəndələri avqustun 26-da Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində olublar.

Dövlət Xidmətindən bildirilib ki, görüşdə Meksikanın “El Universal” qəzetinin redaktoru Qabriel Moyssen, Kolumbiyanın “İmpacto Mundo” telekanalının aparıcısı Roberto Trobaxo, Peru Jurnalistlər Federasiyasının vitse-prezidenti Rikardo Sançes, Perunun “La Razon” qəzeti və “Prensa 21” xəbər portalının direktoru Karlos Linares Uarinqa və Kosta-Rikanın “Horizontes TV” telekanalının aparıcısı Denis Mora Qusman iştirak edib.

Dövlət Xidmətinin nümayəndəsi Ağacavid Ramazanov qonaqları salamlayaraq 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti və onun ağır nəticələri haqqında məlumat verib. Qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə 706-sı dövlət qeydiyyatında olmaqla 2600-dən çox tarix-mədəniyyət abidəsi var. 30 ilə yaxın bir müddətdə davam edən işğal dövründə Ermənistan tərəfi Azərbaycan xalqına məxsus tarixi abidələrə, mədəni irs obyektlərinə qarşı vandalizm aktı həyata keçirib, mənimsəyib və misli görünməmiş dağıntılar törədib. Bütün bunlar Dövlət Xidməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən monitorinqlər nəticəsində qeydə alınır.

Vurğulanıb ki, Azərbaycan bütün tarixi abidələri bərpa edərək yenidən öz tarixi görkəminə qaytaracaq.

Görüşdə qeyd olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qonaqları maraqlandıran suallar cavablandırılıb.

***

Latın Amerikası ölkələrinin media təmsilçiləri ilə daha bir görüş avqustun 25-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub. Komitənin sədri Rövşən Rzayev jurnalistlərlə  görüşüb.

Qonaqlara qaçqın və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsas istiqamətləri, Dövlət Komitəsinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Ermənistanın deportasiya, milli ayrı-seçkilik və işğalçılıq siyasəti nəticəsində öz doğma yurdundan didərgin düşən insanlar böyük çətinliklərlə üzləşib, maddi itkilərə məruz qalıb, mənəvi-psixoloji sarsıntı keçiriblər. Torpaqların işğaldan azad edilməsi və orada yaşayışın bərpası məcburi köçkünlərin ən böyük arzusu olub. Hazırda onların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsi üçün dövlət rəhbərliyi və səlahiyyətli orqanlar tərəfindən çoxşaxəli və intensiv iş aparılır.

Jurnalistlər işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq tədbirləri və məcburi köçkünlərin qayıdışa hazırlanması məsələləri ilə maraqlanıblar. Onların suallarına ətraflı cavablar verilib.

Əməkdaşlıq etdiyi media qurumlarında ölkəmiz, xüsusən işğaldan azad olunmuş ərazilərdəki dirçəliş prosesi barədə yazılarla çıxış edən kolumbiyalı jurnalist Roberto Trobaxo bir müddət bundan əvvəl də Azərbaycanda olduğunu, Gəncəyə və Şuşaya getdiyini, işğalın və dinc əhaliyə qarşı hərbi cinayətlərin ağır nəticələrini öz gözləri ilə gördüyünü xatırladaraq, bütün bunlar barədə həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına çalışdığını vurğulayıb.

Qeyd edək ki, görüşdə iştirak edən jurnalistlər Meksikadakı səfirliyimizdə akkreditə olunublar və öz ölkələrində Azərbaycanla bağlı mövzuların işıqlandırılmasında fəallıq göstərirlər.

Görüşdən sonra nümayəndə heyəti məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Abşeron rayonunun Masazır qəsəbəsi ərazisindəki yaşayış kompleksində vəziyyətlə tanış olub.

Latın Amerikası ölkələrinin media təmsilçilərinin səfəri avqustun 29-dək davam edəcək.