Rayon sakinləri vakant yerlərə işə dəvət olunur

 

“Azərbaycan Hava Yolları” QSC (AZAL) yeni inşa olunan Füzuli Beynəlxalq Hava Limanında rayon sakinləri üçün vakant yerlərin açıldığını elan edib.

AZAL-dan verilən məlumata görə, Qarabağda ilk hava limanının açılışı ərəfəsində Füzuli sakinləri Azərbaycanın mülki aviasiyası kimi maraqlı və məsuliyyətli sahədə karyeraya başlamağa dəvət olunurlar. İxtisas seçimi müsabiqə əsasında aparılacaq.

Vakant yerdən asılı olaraq ali, orta ixtisas, orta təhsil və ya iş təcrübəsi tələb oluna bilər. Daha ətraflı məlumatı “Azərbaycan Hava Yolları” QSC-yə müraciət edərək əldə etmək olar. CV-ləri hr@azal.az elektron ünvanına göndərmələri xahiş olunur.

Xatırladaq ki, Füzulidə hava limanının təməli 2021-ci ilin yanvar ayında Prezident İlham Əliyev tərəfindən qoyulub. Hazırda tikinti işləri son mərhələdədir, uçuşların təhlükəsizliyini, sərnişin və yük aviadaşımalarının yüksək həcmlərini təmin etmək üçün nəzərdə tutulmuş ən yeni infrastruktur obyektləri istismara verilir. Sınaq uçuşlarının həyata keçirilməsi isə bu ilin sentyabr ayının əvvəlində nəzərdə tutulub. Tikinti işləri sürətlə davam edir və hava limanının açılışı bu ilin sonunadək planlaşdırılır.