ANAMA-nın əməkdaşlarına təqdim edilib

 

Xəbər verildiyi kimi, ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən Azərbaycanın işğaldan azad olunmuş  ərazilərinin minalardan təmizlənməsinə kömək məqsədilə xüsusi təlim keçmiş minaaxtaran itlər ayrılıb.

Marşal İrsi İnstitutunun nümayəndələri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Füzuli rayonundakı minaaxtaran itlərin təlim mərkəzini ziyarət ediblər.

ANAMA-dan bildirilib ki, mütəxəssislər avqustun 23-də gətirilən 10 baş minaaxtaran itin  saxlanması, qidalanması və gələcək akkreditasiya prosedurları barədə Mİİ nümayəndələrinə geniş məlumat verib.

Marşal İrsi İnstitutunun prezidenti Perri Baltimor qeyd edib ki, 2023-cü ilə qədər Azərbaycana 30 minaaxtaran itin verilməsi nəzərdə tutulub. Qeyd edək ki, 10 xüsusi təlim keçmiş it “Silk Way West Airlines” şirkəti tərəfindən Azərbaycana çatdırılıb.

Avqustun 26-da müvafiq anlaşma memorandumu və müqavilə sənədi ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov və Marşal İrsi İnstitutunun prezidenti Perri Baltimor tərəfindən imzalanıb.