Avqustun 26-da bir qrup Laçın rayon sakini, keçmiş hərbçilər Kəlbəcərə və Laçına səfər ediblər. Sakinlər illər sonra doğma Qorçu kəndində olublar.

Onıara kəndin ərazisində inşa ediləcək hava limanı haqqında da məlumat verilib. Qeyd olunub ki, aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq.

“Mən çox sevinirəm. Bu diyara gələrkən burada keçirdiyim uşaqlıq illərimi, gəncliyimi xatırladım” – deyə Laçın sakini, keçmiş hərbçi Əli Hümbətov bildirib. O qeyd edib ki, düşmənin bu torpaqdan qovulması ölkəmizin gücünü, qüdrətini göstərir:

Keçmiş hərbçi ermənilərin 28 il qabaq baş vermiş insanlığa sığmayan əməllərini də yada salıb: “1992-ci il avqustun 27-dən 28-nə keçən gecə erməni quldurları Goranboy rayonunun Ballıqaya kəndində müvəqqəti məskunlaşmış 24 nəfər laçınlı mülki şəxsi amansızlıqla qətlə yetirdi. Bizim qonşu kəndlərdən də tanıdığımız insanlar həmin faciədə öldürüldü. Orada öldürülən əksər insanlar uşaq, qoca və qadın olub. Bəzi meyitlər yandırılmışdı. Vətən müharibəsində bütün şəhidlərimizin qisası alındı. Düşmənin başı elə əzildi ki, bir də onlar çətin ayağa qalxa bilsin”.

“Kəlbəcər və Laçına səfər etməyin sevincini yaşayıram. Ali Baş Komandanımızın qətiyyətli siyasəti sayəsində işğaldan azad olunmuş rayonumuza səfər etdik, öz dədə-baba torpaqlarımıza baş çəkdik. İnşallah, bu yerlər tezliklə yenidən qurulacaq və biz öz firavan həyatımızı burada davam etdirəcəyik” – bu sözləri isə Laçın sakini, ehtiyatda olan hərbçi Azər Rəsulov söyləyib.

***

Xatırladaq ki, avqustun 26-da bir qrup Şuşa sakininin də işğaldan azad olunmuş yurda növbəti səfəri təşkil edilib. Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkil etdiyi səfərdə yaşlı nəslin nümayəndələri, Qarabağ müharibəsi qaziləri, şəhər ziyalıları iştirak ediblər.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov şuşalıları Şuşada salamlayıb. Bildirib ki, şuşalılar 30 ilə yaxındır Şuşaya gəlmək həsrəti ilə yaşayırdılar. 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən Şuşa şəhərini işğaldan azad edilməsi ilə bu həsrətə son qoyuldu. “Siz tezliklə Şuşanın dirçəlməsinin, yenidən qurulmasının şahidi olacaqsınız. Şuşa şəhərində sakinlərin layiqli, gözəl həyat yaşamaları üçün şərait yaradılacaq. Şuşalılar bundan sonra doğma şəhərlərində əbədi yaşayacaqlar”, – deyə o qeyd edib.

Sonra Şuşa sakinləri Cıdır düzü, Qala divarları, Natəvan bulağı, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini, Şuşanın mərkəzi meydanında Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün güllələnmiş heykəllərini ziyarət ediblər. Səfər zamanı sakinlər Şuşadakı evlərinə də baş çəkiblər.

Qeyd edək ki, Şuşa sakinlərinin doğma şəhərlərinə ilk səfəri avqustun 19-da təşkil olunub.