Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 29-da Şuşa şəhərinə gedərkən Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

Birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanının videogörüntüsünü paylaşıb.

“Cəmi bir neçə ay ərzində hava limanı demək olar ki, artıq açılışa hazırlaşır. Hava limanının inşası bu il başlamışdır. Mən demişdim ki, bu il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Bəlkə də dünyada bu sürətli templərlə heç bir hava limanı tikilməmişdir. Artıq uçuş-enmə zolağı da hazırdır. Burada son tamamlama işləri aparılır. Bir daha qeyd etmək istəyirəm, bu il mən hava limanının təməlini qoydum, indi isə gəlirik inşaat işləri ilə tanış olmağa. Bu aeroport Qarabağın hava qapısıdır” – deyə Prezidenti İlham Əliyev videogörüntüdə bildirib.

Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunur. Hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Aeroport istənilən tip hava gəmisini qəbul edə biləcək. Baqaj konveyerlərinin, qeydiyyat və digər sistemlərin işə salınması nəzərə alınmaqla, sentyabr ayının sonuna qədər sərnişin terminalının istismara verilməsi işləri tam başa çatdırılacaq.

Prezident İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə də tanış olub.

Zəfər yolunun tikintisi başa çatmaq üzrədir. İki-üç hərəkət zolaqlı yolun uzunluğu 101 kilometrdir. Artıq yolun 92 kilometrlik hissəsinə asfalt-beton örtüyü salınıb. Digər hissələrdə isə işlər davam etdirilir. Yolda körpülər və yeraltı keçidlər inşa edilib.