Azərbaycanın mədəniyyət paytaxtı tarixi görkəmini və mədəni irsini bərpa edir...

 

Avqustun 29-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya gəliblər. Dövlət başçısı və birinci xanım şəhərdə bir sıra açılış və təməlqoyma mərasimlərində iştirak ediblər.

Əvvəlcə yenidənqurma işləri yekunlaşan “Qarabağ” hotelinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

1980-cı ildə inşa edilən hotelin binası 1992-ci ilin mayında Şuşa şəhərinin işğalından sonra fəaliyyətini dayandırıb və baxımsızlıqdan tamamilə yararsız vəziyyətə düşüb. 2020-ci ilin noyabrında Azərbaycan Ordusunun şanlı Zəfəri ilə Şuşa şəhəri Ermənistanın işğalından azad edildikdən sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, hoteldə təmir-bərpa və yenidənqurma işlərinə başlanılmışdı. Müasir səviyyəyə çatdırılan hoteldə Şuşa şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb.

***

Avqustun 29-da Şuşa şəhərində dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstünün açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Daha sonra Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər, görülən işlərlə tanış olublar.

Qeyd edək ki, 1982-ci il yanvarın 14-də xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılan əzəmətli məqbərənin açılışı olmuşdu. Məhz bu səfər çərçivəsində ümummilli lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş vermişdi və həmin ilin 29 iyul – 3 avqust tarixlərində Şuşada Vaqif Poeziya Günləri keçirilmişdi.

Məqbərə kompleksinin daxilində Molla Pənah Vaqifin heykəltəraş Albert Mustafayev tərəfindən hazırlanan büstü qoyulmuşdu. 1992-ci ildə Şuşa şəhərinin Ermənistan tərəfindən işğalı nəticəsində kompleksin binası və burada sərgilənən bütün eksponatlar məhv edildi. Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra, 2021-ci il yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı məqbərəni ziyarət edən Prezident İlham Əliyevin tapşırığına əsasən, burada təmir-bərpa və yenidənqurma işlərinə start verildi. Məqbərədə təmir-bərpa və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb.

***

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülündə mühüm rol oynamış Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyi də bərpa edilib.

Ümummilli lider Heydər Əliyevin göstərişi əsasında Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 1982-ci il 31 avqust tarixli qərarı ilə Bülbülün doğulduğu və yaşadığı evin ev-muzeyinə çevrilməsi barədə qərar qəbul etmişdi. Bina 1982-1983-cü illərdə təmir olunmuş, muzey ekspozisiyası qurulmuşdu. Muzeydə Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedaqoji, ictimai fəaliyyətini əks etdirən 9 minə yaxın sənəd toplanmışdı.

Şuşadakı digər mədəniyyət ocaqları kimi, Bülbülün ev-muzeyi də erməni vandalizminin qurbanı olmuşdu.

Bu il yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı muzeyi ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən burada aparılan təmir-bərpa və yenidənqurma işləri artıq başa çatıb. Bülbülün ev-muzeyinə məxsus həyətyanı sahə ilkin görkəmi saxlanılmaqla bərpa olunub. Muzeyin həyətində Bülbülün yeni hazırlanan büstü ucaldılıb.

***

Avqustun 29-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinin açılışında iştirak ediblər.

1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə Şuşada bəstəkarın heykəli ucaldılmışdı. Heykəltəraş Əhməd Salikov tərəfindən hazırlanan abidə 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilib. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq bəstəkarın yeni heykəli hazırlanıb.

Heykəlin modeli qalmadığından yeni abidə o dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolar əsasında yaradılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb. Abidə heykəltəraşlar Aslan Rüstəmov, Teymur Rüstəmov, Mahmud Rüstəmov tərəfindən hazırlanıb.

Dövlət başçısı və birinci xanım Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində aparılacaq işlərlə də tanış olublar.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Şuşada “Hotel və Konfrans Mərkəzi"nin və yeni yaşayış massivinin təməli qoyulub.