Qurtuluş savaşında tarixi qalibiyyətin 99-cu ildönümü

 

30 avqust Türkiyə Cümhuriyyətində Zəfər Bayramıdır. 99-cu il öncə bu gün – 1922-ci il avqustun 30-da türk xalqı yadelli işğalçılara aparılan böyük mücadilədə – Qurtuluş savaşında tarixi qələbə qazanıb.

1922-ci ilin 26 avqustunda Mustafa Kamal Paşanın komandanlığı altında başlayan "Baş komandanlıq meydan müharibəsi" – “Büyük Taarruz” (“Böyük Hücum”) 30 avqustda Dumlupınarda həlledici qalibiyyətə yetib.

Bu qalibiyyət eyni zamanda iflasa uğramış xanədanlığın xarabalıqları üzərində yeni Türkiyənin – Cümhuriyyətin qurulması yolunda dönüş oldu.

İşğalçı orduların ölkə sərhədlərindən tam çıxması bir qədər sonra baş versə də, 30 avqust simvolik olaraq ölkə torpaqlarının geri alındığı günü təcəssüm edir.

Zəfər bayramı ilk dəfə 30 avqust 1923-cü ildə Afyonqarahisar, Ankara və İzmirdə qeyd olunub. Rəsmi olaraq dövlət səviyyəsində bayram kimi 1936-ci ildə elan edilib.

30 avqust Zəfər Bayramı eyni zamanda Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin günü – müzəffər Türk Ordusunun bayramıdır. Ənənəvi olaraq hər il bu gün Quru Qoşunları Hərbi Məktəbində məzun buraxılışı olur, zabit rütbələri verilir.

Mehparə SULTANOVA
Ankara