Xaçmaz rayonunun Həsənqala kəndi ərazisində Erkən Tunc dövrü və Orta əsrlərə aid yaşayış məskənində arxeoloji qazıntılar aparılır.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Xaçmaz arxeoloji ekspedisiyasının rəhbəri Döyüş Musayev bildirib ki, Həsənqala kəndindəki qədim yaşayış məskəni ilk dəfə 1977-ci ildə aşkarlanıb.
O qeyd edib ki, 2018-ci ildən arxeoloji qazıntılara başlanılıb. Qazıntılar nəticəsində məlum olub ki, yaşayış məskənində üst təbəqə IX-XIII əsrlərə aiddir. Ondan sonrakı təbəqədə Antik dövrə aid maddi mədəniyyət nümunələri aşkarlanıb. Hazırda aparılan qazıntı işləri isə Erkən Tunc dövrü, Kür-Araz mədəniyyətinə aid təbəqəni üzə çıxarıb. Tapıntılar Şimali Qafqaz və Cənubi Azərbaycan ərazisindəki mədəniyyət abidələri ilə əlaqəlidir. Qazıntılar zamanı əsasən saxsı qabların fraqmentləri, dən daşları, balta və ocaq yeri aşkarlanıb.
Qazıntılar zamanı yaşı min ildən çox olan Şirvanşahlar dövlətinə məxsus sikkələr aşkarlanıb. Tapılan maddi mədəniyyət nümunələrinin bir qismi saxlanılması üçün Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.