Borçalı aşıq mühitinin məşhur yetirmələrindən biri də Xındı Məmməddir. O, aşıq-şair olaraq el arasında sevilib, bu sənətin yaşadılması üçün böyük əmək sərf edib. Ustad aşığı anadan olmasının 125 illiyi ilə bağlı yada saldıq.

Məmməd Gülabı oğlu Qəniyev (Xındı Məmməd) 1896-cı ildə Borçalı mahalının (indiki Gürcüstan, Marneuli rayonu) Qaş Muğanlı (Böyük  Muğanlı) kəndində dünyaya göz açıb. Kiçik yaşlarından el şənliklərində saz-söz sənətkarlarının ifalarını dinləməsi onda aşıq sənətinə dərin maraq yaradır. Dayısı Söyün Qocanın məsləhəti ilə 1914-cü ildə tanınmış el şairi, aşıq Ağacanın yanında bu sənətin sirlərinə yiyələnir. Sonra Borçalı elində görkəmli sənətkar kimi tanınan Bəyazidli Məsimlə görüşür. Bu görüş onu sənətə daha da bağlayır.

Şaqraq və məlahətli səsi olan Məmməd sonralar “Xındı Məmməd” təxəllüsü ilə şeirlər də  yazmağa başlayır. Divani, təcnis, gəraylı, müxəmməs janrlarında şeirlər qələmə alır.

Mən eşqdən abdal olub,
Düşdüm dildən-dillərə.
Xındı Məmməd Məcnun kimi,
Saldın çöldən-çöllərə.

Borçalı mahalında ustad aşıq kimi tanınan Xındı Məmməd gözəl dastan ifaçısı, bağlama və qaravəllilərin mahir bilicisi kimi diqqət çəkir. Bənzərsiz zəngulələrində Kərəm yanğısı, Koroğlu nərəsi duyulan aşıq “Yurd yeri”, “Mənsuri”, “Yanıq Kərəmi”, “Zarıncı”, “Bəhməni” kimi ağır havalarla yanaşı, “Misri”, “Cəngi” kimi qəhrəmanlıq havacatlarını da gözəl ifa edir.

Xındı Məmmədin yaradıcılığında Vətənə sonsuz məhəbbət, dostluğa, insanlığa sədaqətin ifadəsini görürük. O, “Ay hayıf” şeirində yazır:

Nəzər qıldım tənəzzülün işinə,
Mərd yerini namərd aldı, ay hayıf.
Mən aşığam, ay hayıf,
Kimlər oldu, ay hayıf

Getdi daha qalmadı,
Qədirbilən, ay hayıf.
Qədirbilən, şirin gülən dostları,
Fələk vurub ayrı saldı, ay hayıf.

Sənətkar püxtələşdikcə, tanındıqca dövrün tanınmış aşıqlarından Ağacan, Nəbi, Bəyazidli Məsim, Təhləli Novruz ilə yaradıcılıq və dostluq əlaqələri qurur. El arasında “Borçalı bülbülü” kimi tanınan və sevilən Xındı Məmməd də 30-cu illərin repressiyası ilə qarşılaşır. Türkçülükdə ittiham edilir. Bir müddət Tiflis şəhərindəki Metex qala-həbsxanasında saxlanılır. Çox çətinliklə də olsa, bəraət alır. O, başına gələn bu hadisəni bir şeirində belə ifadə edib:

Köklü bir qayanı, atalar demiş,
Qaldırıb yerindən yel ata bilməz.
Layiq bilib sığışdırmaz adına,
Namərd kölgəsində mərd yata bilməz.

1941-1945-ci il müharibəsi başlayanda Xındı Məmməd də cəbhəyə yollanır. Araşdırmalarda qeyd edilir ki, o, müharibəyə yola düşməzdən əvvəl sədəfli sazını “Cəngi” havası üstündə kökləyib divardan asır... Müharibədən sağ-salamat dönən aşıq sevdiyi sənətini davam etdirir. Eyni zamanda Borçalıda Məhəmməd Sadaxlı, aşıq Allahyar, aşıq Seyfi kimi ünlü şəyirdlər də yetişdirir.

Xalq şairi Zəlimxan Yaqub aşıq-şairin şeirlərinin toplandığı “Meydanda mərdi-mərdanə” kitabına yazdığı ön sözdə deyir: “Xatirələrdən daha canlı, daha təravətli üç yadigarı da var Xındı Məmmədin. Onun radionun “qızıl fond”unda qorunub saxlanılan lent yazıları, aşıqlarımızın dilindən düşməyən şeirləri və yolunu çox böyük ləyaqətlə davam etdirən Aşıq Gülabı kimi bir sənətkarın varlığı. Hər üç müqəddəs nemət Xındı Məmmədin şəxsiyyət və sənətkar xoşbəxtliyidir”.

Sənətkarın oğlu, fizika-riyaziyyat elmləri doktoru Lətif Qəniyev atası ilə bağlı xatirələrində yazır: “Atam Şərq, ərəb, türk və xüsusilə İslam tarixini mükəmməl bilirdi. Çox yaxşı yadımdadır, o, məşhur ərəb tarixçisi Təbərinin “Hökmdarlar və peyğəmbərlər tarixi”, həmçinin İsgəndər bəy Münşi-Türkmanın “Şah Abbasın tarixi” əsərlərindən çoxlu sayda epizodlar danışardı”.

İnsan və cəmiyyət haqqında müdrik fikirlər də söyləyən “Borçalı bülbülü” ömrünün ahıl çağlarında ötüb-keçənləri xatırlayaraq deyib:

Xındı Məmməd, vədə yetib,
Tarix çatıb ölümə.
Qoy qazılsın bir səhrada,
Məzarım innən belə.

Ustad sənətkar 1968-ci il avqustun 28-də vəfat edib, doğulduğu kənddə dəfn olunub.

Savalan FƏRƏCOV