Azərbaycan

 

1 sentyabr 1900 – Məşhur sirk pəhləvanı, Xalq artisti Rəşid Əliməmməd oğlu Yusifov (1900-1982) Borçalı mahalının (Gürcüstanın Marneuli rayonu) Gorarxı kəndində anadan olub. Moskva Dövlət Sirkinin truppasında çıxış edib.

1 sentyabr 1919 – Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti ölkədə ilk ali təhsil müəssisəsinin – Bakı Dövlət Universitetinin yaradılması barədə qanun qəbul edib.

1 sentyabr 1920 – Tanınmış tarixçi alim, AMEA-nın müxbir üzvü Mahmud Əliabbas oğlu İsmayılov (1920 – 16.8.2002) Şəkidə doğulub.

1 sentyabr 1920 – Bakıda Şərq Xalqlarının I Qurultayı işə başlayıb. Qurultayı Komintern (Kommunist İnternationalı) İcraiyyə Komitəsi adından Nəriman Nərimanov açıb. Sentyabrın 7-dək davam edən qurultaya 1891 nümayəndə – Qafqazdan Uzaq Şərqədək müxtəlif ölkələrdən 37 millətin təmsilçiləri, eləcə də bir sıra Avropa ölkələri kommunist partiyalarının nümayəndələri qatılmışdı.

1 sentyabr 1924 – Bakı milyonçusu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev (1838-1924) vəfat edib. Tağıyev Azərbaycan xalqının maariflənməsi, mədəni inkişafı üçün gördüyü nəcib işlərlə tarixdə iz qoyub. Bakıda ilk teatr binası, müsəlman qızlar üçün ilk məktəb və s. onun adı ilə bağlıdır. Dövrün tanınmış ziyalıları onun köməyi ilə Rusiyada, Avropada təhsil alıblar.

1 sentyabr 1930 – Nasir, dramaturq, şair Əli Qafur oğlu Səmədli (1930-2006) Göyçay rayonunun Mallı-Şıxlı kəndində anadan olub. Uşaq-gənclər üçün kitabların, səhnə əsərlərinin müəllifidir.

1 sentyabr 1930 – Yazıçı-dramaturq, jurnalist Oqtay Məmmədhəsən oğlu Salamzadə (1930-2012) Füzuli rayonunun Cuvarlı kəndində doğulub.

1 sentyabr 1931 – Tanınmış teatr və kino aktyoru Fazil İdris oğlu Salayev (1931 –16.6.1978)  Bakıda doğulub. Akademik Dram, Musiqili Komediya teatrlarında çalışıb, filmlərdə (“Alma almaya bənzər”, “Rəqiblər”, “Şərikli çörək”) yaddaqalan obrazlar yaradıb.

1 sentyabr 1937 – Əməkdar incəsənət xadimi Siyavuş Məmməd oğlu Şəfiyev (1937 – 24.11.2001) Bakıda anadan olub. Peşəkar sirk ustası, akrobat olub, Moskva və Bakı sirklərində çalışıb. “Əhməd haradadır?”, “Uşaqlığın son gecəsi” və s. filmlərdə çəkilib.

1 sentyabr 1941 – Əməkdar mədəniyyət işçisi, şair, yazıçı-publisist Tofiq Abdin (Tofiq Məhərrəm oğlu Abdinov; 1941 – 24.2.2014) Salyan rayonunun Qırmızıkənd kəndində anadan olub.

1 sentyabr 1945 – Xalq artisti, sənətşünaslıq doktoru, professor Məcnun Təbriz oğlu Kərim (1945 – 2.10.2013) Zəngəzur mahalının Şəki kəndində doğulub. Azərbaycanın qədim musiqi alətləri haqqında tədqiqatlar aparıb, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində Qədim musiqi alətləri ansamblını yaradıb.

1 sentyabr 1949 – Əməkdar artist Atabala Osman oğlu Səfərov (1949 – 20.12.2020) Şabran rayonunda doğulub. Musiqili Komediya, Gənc Tamaşaçılar Teatrında çalışıb, televiziya tamaşalarında maraqlı rollar oynayıb.

1 sentyabr 2009 – Xalq rəssamı Yusif İsmayıl oğlu Hüseynov (15.10.1928 – 2009) vəfat edib. 1977-1987-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının sədri olub.

 

2 sentyabr 1909 – Yazıçı-dramaturq, tərcüməçi Rza Nəbi oğlu Şahvələd (1909 – 2.7.1984) Tiflisdə anadan olub.

2 sentyabr 1916 –  Əməkdar incəsənət xadimi, rəssam Əyyub Müseyib oğlu Hüseynov (1916-1998) Naxçıvan MR Kəngərli rayonun Xok kəndində doğulub. Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinin direktoru işləyib. Əsərləri: “Araz sahilində”, “Yağışdan sonra”, “Çobanlar” və s.

2 sentyabr 1930 – Əməkdar rəssam Hüseyn Gülbala oğlu Hüseynov (1930-1987) Bakının Buzovna kəndində doğulub. Azərbaycan dilində rəssamlığa dair ilk dərsliklərin müəllifidir.

2 sentyabr 1949 – Əməkdar incəsənət xadimi, bəstəkar, pedaqoq İsmayıl Soltan oğlu Hacıbəyov (1949 – 25.3.2006) anadan olub. “Firuzə” operası, “Memorial” kantatası, “Naxışlar” fantaziyası və digər əsərlərin müəllifidir.

2 sentyabr 1949 – Tanınmış teatr rejissoru Yusif Məmmədağa oğlu Əkbərov  (1949 – 4.10.2016) Bakıda doğulub. Sumqayıt Dövlət Dram, Musiqili Komediya teatrlarında quruluşçu rejissor və baş rejissor işləyib.

 

3 sentyabr 1931 – Xalq rəssamı, professor Oqtay Yusif oğlu Şıxəliyev (1931 – 31.1.2012) Bakıda doğulub. Müxtəlif janrlarda əsərlər yaradıb, Azərbaycanın ilk professional monumentalist rəssamlarından biridir. Tabloları Fransada, Almaniyada şəxsi kolleksiyalarda saxlanılır.

3 sentyabr 1951 – Görkəmli aktyor, Xalq artisti, Dövlət mükafatı laureatı Yaşar Məmmədsadıq oğlu Nuri (1951 – 22.11.2012) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Televiziya tamaşalarında, kinoda (“Yol əhvalatı”, “Tənha narın nağılı”, “Yaramaz”, “Bəyin oğurlanması”, “Qətl günü”) yaddaqalan obrazlar yaradıb.

 

Dünya

 

1 sentyabr 1854 – Alman bəstəkarı və dirijoru Engelbert Humperdink (Engelbert Humperdinck; 1854-1921) anadan olub.

1 sentyabr 1875 – Amerika yazıçısı Edqar Berrouz (Edgar Rice Burroughs; 1875-1950) anadan olub. Tarzan haqqında romanların, elmi-fantastik janrda “Marslılar” seriyasından əsərlərin müəllifidir.

 

2 sentyabr 1852 – Fransız yazıçısı Pol Burje (Paul Charles Joseph Bourget; 1852-1935) anadan olub. Psixoloji romanların müəllifidir: “Şagird”, “Qadın ürəyi”, “Paris əxlaqından oçerklər”.

2 sentyabr 1926 – Rus aktyoru, SSRİ Xalq artisti Yevgeni Leonov (1926-1994) anadan olub. Filmləri: “Zolaqlıların səfəri”, “Uğur centlmenləri”, “Mimino”, “Payız marafonu” və s.

 

3 sentyabr 1883 – Görkəmli rus yazıçısı İvan Sergeyeviç Turgenev (9.11.1818 – 1883) vəfat edib. Əsərləri: “Atalar və oğullar”, “Ərəfə”, “Zadəgan yuvası”, “Rudin” romanları, “Ovçunun qeydləri” hekayələr toplusu və s.

3 sentyabr 1927 – Belarus yazıçısı Ales (Aleksandr) Adamoviç (1927-1994) anadan olub. Əsərləri: “Partizanlar”, “Xatın povesti”, “Sonuncu məzuniyyət”, “Blokada kitabı” və s.

Hazırladı:  Vüqar ORXAN