Avqustun 31-də geyim mədəniyyəti və yaradıcılığı sahəsində ən böyük layihə sayılan “Selvedge-2021” Dünya Satış-Sərgisi fəaliyyətə başlayıb. Sentyabrın 5-dək davam edəcək virtual sərgidə 75 ölkədən 150-dən çox sənətkar milli mədəni irsini, tekstil ənənələrini öz kolleksiyaları vasitəsilə nümayiş etdirəcək.

“Selvedge-2021” Dünya Satış-Sərgisi çərçivəsində sentyabrın 4-də “Yaradıcılıq günü” təşkil olunacaq və 24 saat ərzində onlayn görüşlər, söhbətlər, sual-cavablar, film təqdimatları, sənətkarlarla müsahibələr və emalatxanalarda görüşlər keçiriləcək. “Yaradıcılıq günü” proqramında Yeni Zelandiya, Honkonq, Yaponiya, Hindistan, Misir, Avstriya, Böyük Britaniya, Kolumbiya, Çili, Meksika, Kanada ilə yanaşı Azərbaycan da təmsil olunacaq.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova “Selvedge-2021”in seçim komissiyasında iştirakla yanaşı, sentyabrın 4-də saat 11:00-da baş tutacaq onlayn görüşdə təqdimatla çıxış edəcək. O, Azərbaycan mədəniyyətinin simvolu, xalqımızın həyat tərzində əsas rol oynayan xalça sənəti haqqında məlumat verəcək, Milli Xalça Muzeyinin yeni layihələri, inklüziv proqramları, boyama sənətinin inkişafı və qədim xalçatoxuma texnikalarının dirçəldilməsi istiqamətində fəaliyyətindən bəhs edəcək.

Sonra izləyicilər Milli Xalça Muzeyinin əməkdaşı Firahnaz Musayevanın bələdçiliyi ilə muzeyə virtual tura dəvət olunacaqlar.

Azərbaycan xalçaçılıq sənətinə həsr olunmuş birsaatlıq proqramın sonunda Xalq rəssamı Eldar Mikayılzadə ilə onun emalatxanasında onlayn görüş təşkil olunacaq. Xalçaçı-rəssam ölkəmizdə xalçaçılıq ənənənələrinin yaşadılması, inkişaf etdirilməsi haqqında danışacaq, yeni yun və ipək xalçalarının toxunma prosesini nümayiş etdirəcək.

Qeyd edək ki, “Selvedge” yarmarkası Londonda nəşr olunan və parça (tekstil) mədəniyyətinin öyrənilməsi və təbliği ilə məşğul olan eyniadlı beynəlxalq jurnalın təşəbbüsü ilə reallaşan layihədir. Artıq ikinci ildir ki, layihə pandemiya səbəbindən virtual formatda gerçəkləşir.