Müsabiqə proqramında 40 ölkədən 134 film var

 

Sentyabrın 1-də Azərbaycan Kinematoqrafçılar İttifaqında Bakıda keçiriləcək IV “Animafilm” Beynəlxalq Animasiya Festivalı ilə əlaqədar mətbuat konfransı təşkil olunub.

Festivalın direktoru Rəşid Ağamalıyev sentyabrın 3-dən 7-dək davam edəcək “Animafilm”də uşaqlar və böyüklər üçün çəkilmiş yerli və xarici animasiya filmlərinin nümayiş etdiriləcəyini bildirib. Qeyd edib ki, builki festival “Əlillik” mövzusuna həsr olunub.

Festivalın müsabiqə proqramında 40 ölkədən 134 film iştirak edəcək. İştirakçılar 12 yerli və xarici kateqoriya üzrə mükafat uğrunda yarışacaqlar. Eyni zamanda müsabiqədənkənar proqramlar da nəzərdə tutulub. Festivalda iştirak ödənişlidir, əldə olunan gəlir fiziki məhdudiyyətli uşaqların ehtiyacları üçün sərf ediləcək.

Təqdim olunan filmlər orijinal dildə, bəzi filmlər isə Azərbaycan və ingilis dillərində alt yazılarla Azərbaycan Kinematoqrafçılar İttifaqında və “Salaam Cinema”da nümayiş etdiriləcək.

Digər çıxış edənlər də festivalın əhəmiyyətindən danışıblar. Məlumat verilib ki, müsabiqənin münsiflər heyətində uşaqlar da təmsil olunur. Festivalda “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafat da təqdim ediləcək. Mükafatın qalibi 2022-ci ildə Fransada keçiriləcək “Annecy” festivalına (Annecy İnternational Animated Film Festival and Market – MİFA) səyahət və “MİFA” peşəkar akkreditasiyası əldə edəcək.

Festivalın təşkilatçıları göstərilən dəstəyə görə Mədəniyyət Nazirliyinə, Azərbaycan Kinematoqrafçılar İttifaqına, “YARAT” Müasir İncəsənət Mərkəzinə, Kreativ Azərbaycan portalına, Fransanın və Çexiyanın ölkəmizdəki səfirliklərinə və digər təşkilatlara minnətdarlıqlarını çatdırıblar. Festivalın pandemiya şəraiti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları əsasında təşkil olunması planlaşdırılır.

Konfransın sonunda autizm xəstəliyindən əziyyət çəkən gəncin həyat və sevgisindən bəhs edən animasiya filmi nümayiş olunub.