Xəbər verildiyi kimi, Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında abituriyentlərin müvafiq qruplar üzrə ixtisas seçimi 31 avqustda başa çatıb. Ali məktəblərə ixtisaslar üzrə yerləşdirmənin nəticələri DİM tərəfindən elan ediləcək.

Bununla yanaşı, qəbul qaydalarına əsasən, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alan abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malikdirlər.

DİM-dən bildirilib ki, artıq 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malik olan şəxslər bəllidir.

Bu il 4 nəfər beynəlxalq fənn olimpiadası, 33 nəfər respublika fənn olimpiadası, 49 nəfər idman, 1 nəfər incəsənət sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu üçün, 8 nəfər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (İB Diploma Programme) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.

13 abituriyent isə müsabiqədənkənar qəbul olmaq hüququndan imtina edib və müsabiqədə ümumi qaydalarla iştirak edəcəklərini qeyd edib.

Bundan əlavə, 138 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 163 abituriyent ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub.