“Azercell”dən “Nizami Gəncəvi İli”nə töhfə

 

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə ölkə başçısı tərəfindən elan edilən “Nizami Gəncəvi İli”nə töhfə olaraq “Azercell Telekom” da maraqlı bir layihə gerçəkləşdirib. Mobil operator Nizami yaradıcılığına həsr olunmuş xüsusi əlifba dizayn edib. Şirkətin məlumatında bildirilir ki, layihə dahi şairin zəngin irsinin öyrənilməsinə və təbliğinə xidmət edir.

Maraqlı üslubda hazırlanmış əlifbanın hərfləri Nizaminin “Xəmsə”sinə daxil olan poemaların qəhrəmanlarını, bu əsərlərdəki məşhur obrazları və şairin həyatında xüsusi rolu olmuş insanları əks etdirir. Məsələn, “A” hərfi şairin ilk həyat yoldaşı, qıpçaq gözəli Afaqı, “B” hərfi “Yeddi gözəl” poemasındakı hökmdar Bəhramı, “F” hərfi poemanın qəhrəmanlarından Fitnəni, “İ” hərfi qüdrətli sərkərdə İsgəndəri tərənnüm edir. Hərflərin hər biri adları çəkilən obrazlara uyğun miniatürlərlə bəzədilib.

Qeyd edək ki, Nizami irsini əks etdirən əlifbadan istifadə edərək xüsusi dizayn olunmuş bu hərflərdən müxtəlif sözlər ərsəyə gətirib sosial şəbəkələrdə paylaşmaq mümkündür. Bunun üçün https://www.nizami880.az/saytına daxil olmaq kifayətdir. Əlifbanın hərflərini, həmçinin  “WhatsApp”, “Telegram”, “Facebook”, “İnstagram” kimi sosial şəbəkələrin “gif” bölməsində “Nizami880” və ya “Azercell” açar sözlərinin köməyilə, “Telegram” tətbiqinin “stiker” bölməsində isə https://t.me/addstickers/azercell linki vasitəsilə əldə etmək olar.

“Azercell Telekom” MMC “Nizami ili”ndə müxtəlif təşəbbüslərlə çıxış edib. Şirkətin sosial şəbəkə hesablarında mütəmadi olaraq Nizami Gəncəvinin şeirlərindən parçalar və nəsihətamiz kəlamları paylaşılıb, şairin yaradıcılığını əks etdirən müsabiqələr keçirilib. Şirkət bu qəbildən təşəbbüsləri davam etdirəcək.