Mehmanxanaların fəaliyyəti onlayn görüşdə müzakirə edilib

 

Dövlət Turizm Agentliyin 250-yə yaxın mehmanxana nümayəndəsi ilə onlayn görüş təşkil edib. Görüşdə mehmanxanaların xüsusi karantin rejimi dövründə fəaliyyətinə dair tələblər müzakirə olunub.

Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən olunmuş “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”, eləcə də tətbiq olunan məhdudiyyətlər haqqında mehmanxana subyektlərinin nümayəndələrinə ətraflı məlumat verilib.

İştirakçılar sentyabrın 1-dən etibarən mehmanxanalarda yaşı 18-dən yuxarı olan şəxslərə göstərilən xidmətlərin yalnız COVİD-19 pasportu (peyvənd sertifikatı) əsasında həyata keçirilməsi tələbi ilə əlaqədar bunun üçün hazırlanmış xüsusi mobil tətbiq barəsində məlumatlandırılıb. Elektron Hökumətin İnkişafı Mərkəzinin nümayəndəsi mobil tətbiqin istifadəsi ilə bağlı sualları cavablandırıb.

Dövlət Turizm Agentliyinin nümayəndələri iştirakçılara COVİD-19 pasportunun tələb olunduğu qonaq kateqoriyası, eləcə də mehmanxanada çalışan işçilərin peyvənd olunması ilə bağlı tələbləri ətraflı izah ediblər.

Onlayn görüşdə Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Elektron Hökumətin İnkişafı Mərkəzi, Dövlət Vergi Xidmətinin əməkdaşları iştirak ediblər.