Kiyev Beynəlxalq Kitab Sənəti Festivalında (“Kyiv Book Art Fest”) dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının Ukrayna dilinə tərcümə olunmuş kitabının təqdimatı olub. Festival 27-29 avqust tarixlərində keçirilib.

Ukraynada “Yaroslavov Val” nəşriyyatında işıq üzü görən kitab Azərbaycan Dövlət Tərcümə Mərkəzinin layihəsidir.

Təqdimatda Ukraynanın Əməkdar incəsənət xadimi, yazıçı, tərcüməçi Aleksey Kononenko Ukrayna-Azərbaycan ədəbi əlaqələrindən və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin bu prosesə verdiyi töhfədən danışıb. Onun sözlərinə görə, “Leyli və Məcnun” poemasının Ukraynada nəşri Nizami Gəncəvi irsinin dərindən öyrənilməsi baxımından əhəmiyyətlidir.

Layihənin məsul katibi Marina Qonçaruk Nizami Gəncəvi kimi dünya miqyaslı mütəfəkkirlə bağlı layihənin Ukrayna-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafında xüsusi önəmini vurğulayıb.

Tədbirin sonunda iştirakçılara Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Ukraynada və digər ölkələrdə işıq üzü görmüş kitabları təqdim olunub.

Qeyd edək ki, kitabı Ukrayna dilinə görkəmli şair və mütərcim Leonid Pervomayski tərcümə edib. Kitabın redaktoru şair, mütərcim, filoloq, Azərbaycan mənşəli (atası Camal Hüseynov Gəncədə doğulub – red.) Qriqori Quseynovdur. Ön söz yerində məşhur nizamişünas alim Aqafangel Krımskinin şair haqqında məqaləsi verilib.