Təhsil Nazirliyi vəziyyətin təhlil edildiyini bildirir

 

Yeni tədris ili ilə əlaqədar uşaqların məktəbə qayıtmağa hazırlaşdığı bir dövrdə virusun ötürülməsini minimuma endirmək üçün tədbirlərin görülməsi hər zamankından daha böyük və həlledici əhəmiyyət kəsb edir.

Bu barədə Dünya Səhiyyə Təşkilatı (DST) və BMT Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliklərinin birgə məlumatında bildirilir.

Qeyd olunur ki, bu tədbirlərə müəllimlər və digər məktəb işçilərinin peyvəndlənməyə əlçatanlığının təmin edilməsi, eləcə də sinif otaqlarının daha yaxşı havalandırılması, siniflərdə daha az şagird sayı, fiziki məsafənin gözlənilməsi, məktəb əməkdaşlarının virusa qarşı müntəzəm yoxlanılması və valideynlərin təhlükəsizlik tədbirləri haqda davamlı məlumatlandırılması kimi tədbirlər vasitəsilə məktəb mühitinin təhlükəsizlik standartlarına uyğunluq baxımından yaxşılaşdırılması daxildir.

Qeyd olunur ki, peyvəndlənmə virusdan ən yaxşı qorunma üsullarından biridir. “İki ilə yaxındır ki, COVİD-19 pandemiyası ilə yaşayırıq və məktəblərin təhlükəsiz şəkildə yenidən açılması ümdə prioritetə çevrilib. Məktəblərin qapanması uzunmüddətli dövrdə böyük mənfi təsirlərə səbəb olur və buna bəraət qazandırmaq çətindir. Hamımız uşaqlarımızın gələcəyini qorumaq naminə məktəblərin təhlükəsiz şəkildə yenidən açılması üçün çalışmalıyıq. Dünya Səhiyyə Təşkilatı, Azərbaycan da daxil olmaqla, ölkələrə COVİD-19 riski və virusun fərqli variantlarının yayılmasını minimuma endirmək üçün tədbirlər görərkən məktəbləri açıq saxlamağı təkidlə tövsiyə edir. Məktəblərin yenidən açılmasında mühüm rol oynayan milli vaksinasiya strategiyasının həyata keçirilməsində yerli tərəfdaşlarımızı dəstəkləyirik”, – deyə DST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

“Pandemiya məktəblərin qapanmasının uşaqlar üçün böyük mənfi təsirlər göstərdiyini nümayiş etdirməklə yanaşı, məktəblərin uşaqların təhsili, psixi sağlamlığı və sosial bacarıqları baxımından da əhəmiyyətli rol oynadığını sübuta yetirdi. Uşaqlar və gənclər təhsillərinə bir il də fasilə verilməsi riski ilə üzləşməməlidir. Sentyabrın 15-də məktəblərin təhlükəsiz şəkildə açılmasını təmin etmək və uşaqların məktəbin təqdim etdiyi imkanları əldən verməmələri üçün UNİCEF Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edir”, – deyə UNİCEF-in nümayəndəliyinin rəhbəri Aleks Haykens qeyd edib.

Vurğulanır ki, UNİCEF və DST-nin Azərbaycandakı nümayəndəlikləri ölkədə bütün uşaqların məktəblərə təhlükəsiz qayıdışı naminə valideynlər, müəllimlər və şagirdlər üçün bütün zəruri məlumatlar da daxil olmaqla birgə “Məktəbə qayıdış” kampaniyası üçün Təhsil Nazirliyinə, eləcə də yerli səhiyyə qurumlarına birgə dəstək verəcək.

“Yeni tədris ilinin başlanması ilə bağlı vəziyyət təhlil olunur, bu sahədə aparıcı beynəlxalq qurumların tövsiyələri araşdırılır və buna uyğun olaraq fəaliyyət istiqamətləri müəyyən ediləcək” – bunu isə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. O qeyd edib ki, tədrisin bütün pillələri üzrə hansı tarixdə və formada təşkili ilə bağlı qəbul ediləcək qərarlara dair yaxın günlərdə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, qonşu Rusiyada COVİD-19-la bağlı epidemioloji vəziyyət Azərbaycandan heç də yaxşı olmasa da, 1 sentyabrdan orta məktəblərdə ənənəvi qaydada dərslər başlayıb. Ali məktəblərdə isə təhsilin növbəti həftədən hibrid formada (həm ənənəvi, həm distant) başlayacağı bildirilib.

Türkiyədə də COVİD-19 pandemiyası səbəbindən fəaliyyəti müvəqqəti dayandırılan təhsil müəssisələri açılışa hazırlaşır. Sentyabrın 6-dan etibarən ölkənin orta təhsil müəssisələrində ənənəvi təhsilə start veriləcək.

Epidemioloji vəziyyətin daha ağır olduğu Gürcüstanda isə məktəblərdə, eləcə də bağçalarda təhsil və təlim oktyabrın 4-dək bərpa olunmayacaq. Bu barədə Koordinasiya Şurasının Əməliyyat Qərargahının rəhbəri Giorgi Gibradze məlumat verib. Onun sözlərinə görə, məsələyə oktyabr ayında yenidən baxılacaq.

Sentyabrın 1-dən Qazaxıstanda da ənənəvi təhsil bərpa edilib. Bu həm ümumtəhsil məktəblərinə, həm də ali məktəblərə aiddir. Müəllim və digər işçi heyətin koronavirusa qarşı peyvənd olunması isə şərtdir.