Sentyabrın 2-də Kəlbəcər sakinləri rayonlarının işğaldan azad olunmasından sonra ilk dəfə öz doğma yurdlarını görmək üçün yola çıxıblar.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzə Dövlət Komitəsinin təşkilatçılığı ilə reallaşan səfərdə yaşlı nəslin nümayəndələri, Başlıbel faciəsində şəhid olanların yaxınları, şəhər ziyalıları iştirak edirlər.

Uzun illərdən sonra ilk dəfə doğma yurdlarına ayaq basan kəlbəcərlilər 28 il əvvəl rayonun işğalı zamanı Kəlbəcər-Laçın yolundakı tunelin qarşısında öldürülən həmyerlilərinin xatirəsini yad ediblər. Əraziyə güllər düzülüb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sənan Hüseynov jurnalistlərə açıqlamasında deyib: “Kəlbəcərdə vəziyyət pisləşdiyi üçün 1993-cü il martın 31-də qadınları, uşaqları çıxarmaq qərarı verilmişdi. Buna görə də Kəlbəcərdən Laçına gedən yolda tuneldən 30 kəndin sakinləri çıxarılmalı idi. Ermənilər Göyçə və Laçın istiqamətindən rayonu mühasirəyə almışdı. Həmin günlərdə yük maşını ilə 25 nəfərin, qadın, uşaq və qocaların çıxarılması planlaşdırılmışdı. Ermənilər tunelin çıxışında həmin insanları gülləbarana tutdular. Çoxu öldü, ölməyənləri isə girov götürdülər. Ondan sonra da burada bu cür dəhşətli faciələr yaşandı. Dinc əhalini tunelin ağzında qırırdılar. Təsəvvür edin ki, insanları daşıyan “KamAZ” markalı avtomobilə od vurub, 8 yaşlı uşağı ailəsinin gözləri qarşısında onun içinə atıblar. Laçından gələnlər də burada qətlə yetirilib. Bu qırğınlardan sonra düşməndən qaçmağı bacaran bir nəfər geriyə qayıdaraq əhaliyə tunelin ağzında ermənilərin olduğunu xəbər verib və bundan sonra dinc insanlar qaçmaq üçün dağ yolundan istifadə ediblər”.