“Bizə ən çox qəbiristanlıqların, məscidlərin, tarixi abidələrin dağıdılması təsir etdi”

 

Sentyabrın 2-də Türk Şurasına üzv olan və müşahidəçi dövlətlərin media orqanlarının nümayəndələri Ağdam rayonuna səfər ediblər. Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstandan gəlmiş jurnalistlər əvvəlcə Qarabağın hökmdarı Pənahəli xanın iqamətgahı olmuş İmarət kompleksində olublar.

Qonaqlar sonra Ağdam Dövlət Dram Teatrı binasının qalıqları, şəhərin xarabalıqları ilə tanış olub, Cümə məscidinə baş çəkiblər.

Səfərin sonunda Prezidentin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov media nümayəndələrinə Ağdam şəhərinin baş planı, aparılacaq quruculuq işləri haqqında məlumat verib.

Səfər iştirakçıları ölkələrinə qayıtdıqdan sonra gördükləri barədə məqalə və telefilmlər hazırlayaraq ictimaiyyətə çatdıracaqlarını deyiblər.

“Füzuli, Cəbrayıl və Şuşaya səfər etmişik. İndi Ağdama gəlmişik. Bizə ən çox qəbiristanlıqların, məscidlərin, tarixi abidələrin dağıdılması təsir etdi. Ermənilərin məscidlərdə heyvan saxlaması qeyri-insani hərəkətdir. Normal insanlar bunu etməzdi, amma ermənilər edib”, – deyə Özbəkistan Dövlət Televiziyasının əməkdaşı Murad Abdullayev bildirib.

Qazaxıstanın “Egemen” qəzetinin əməkdaşı Meruyert Berkutbayeva deyib: “Gördüklərimiz bizdə çox dəhşətli təəssürat yaradıb. Çünki çoxlu dağıntılar gördük. Burada yaşamış insanlar evlərini, öz doğma diyarlarını tərk etmək məcburiyyətində qalıblar. Başa düşürük ki, müharibə insanların həyatında böyük dəyişikliklər yaradıb. Ümid edirik ki, bundan sonra Azərbaycan bütün dağılmış yerləri bərpa edəcək və inkişafa doğru gedəcək”.