Birləşmiş Krallıq ötənilki münaqişədən sonra Dağlıq Qarabağ bölgəsində və ətrafındakı ərazilərdə minaların təmizlənməsi, ərazinin təhlükəsizliyinin təmin olunması üçün yarım milyon funt-sterlinq ayırıb.

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin məlumatında bildirilir. Qeyd olunur ki, BMT İnkişaf Proqramına verilən vəsait mina təmizlənməsini dəstəkləmək, Dağlıq Qarabağda və ətrafındakı bölgələrdə çirklənmiş əraziləri insanların istifadəsi üçün təhlükəsiz hala gətirmək üçün təlim və kadr hazırlığına kömək edəcək.

“Bölgədəki müsbət dəyişikliyə doğru fəaliyyətlərin aparıcı qüvvəsi olaraq Birləşmiş Krallıq 2020-ci il Dağlıq Qarabağ münaqişəsindən sonra humanitar dəstəyi elan edən ilk ölkə olub və zərərçəkmiş insanları dəstəkləmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə 1 milyon funt-sterlinq ianə edib. Hazırda isə Birləşmiş Krallıq münaqişə və ya partlamamış hərbi sursat səbəbi ilə evlərindən didərgin düşən əhalinin öz həyatlarını yenidən qurmasına və bölgəyə qayıtmasına kömək etməsinə dəstək olmaq üçün digər ölkələri də BMT-nin təşəbbüsünü dəstəkləməyə çağırır”, - deyə məlumatda vurğulanır.