10 istiqamətdə 665 km yol çəkiləcək

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını əhatə edən rayonlarda inşa olunan avtomobil yollarının xəritəsini dərc edib.

Xəritə ümumi uzunluğu 665,4 km olan və hazırda tikilən 10 əsas avtomobil yolunu əhatə edir. Bundan əlavə, xəritədə tikintisi nəzərdə tutulan, lakin uzunluğu qeyd olunmayan avtomobil yolları da daxildir.

Xəritə Füzulidən Şuşaya çəkilən  “Zəfər” yolunu (101 km), Əhmədbəyli-Füzuli-Şuşa magistralını (81.6 km), Toğanalı-Kəlbəcər-İstisu (80.7 km), Kəlbəcər-Laçın (72.3 km), Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd (123.8 km), Talış-Tapqaraqoyunlu-Qaşaltı (22 km), Xudafərin-Qubadlı-Laçın (83 km), Şükürbəyli-Cəbrayıl-Hadrut (43 km), Füzuli-Hadrut (13 km), Bərdə-Ağdam (45 km) avtomobil yollarını əhatə edir.