Yay məktəbinin davamı olaraq qış məktəbi də təşkil ediləcək
Ölkəmiz tarixi abidələri, qədim insan məskənləri ilə dünyada tanınır. Yurdumuzun hər qarışında bir tarix yaşayır. Belə məkanlardan biri də Ağstafa rayon mərkəzindən 75 km məsafədə, Gürcüstan ilə sərhəddə yerləşən Keşikçidağ mağaralar kompleksidir. Azərbaycan Prezidentinin sərəncamı ilə mağaraların yerləşdiyi ərazi 2007-ci ildə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilmişdir. Qoruq yarandıqdan sonra tədqiqat işləri ilə yanaşı, burada quruculuq-abadlıq işləri də həyata keçirilmişdir.
Ötən il Prezident İlham Əliyevin göstərişi ilə qoruq istiqamətinə çəkilən 36 km-lik yolun inşası zamanı 7 və 14 kilometrlikdə çoxlu sayda kurqanların olduğu ehtimal edilmiş və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin müraciəti əsasında AMEA-nın alimləri ərazidə arxeoloji tədqiqat işləri aparmışdı. Arxeoloji qazıntılar nəticəsində bir neçə kurqan tipli qəbir açılmış və mühüm nəticələr əldə edilmişdi.
Dövlət Xidmətinin dəstəyi və təşkilatçılığı ilə 15 iyun – 30 iyul 2021-ci il tarixlərində Ağstafa rayonunda fəaliyyət göstərən gənc könüllülərin, tarix üzrə təhsil alan ali məktəb tələbələrinin iştirakı ilə “Keşikçidağda arxeoloji qazıntılar və yay məktəbi” adlı layihə həyata keçirilmişdir. Keşikçidağ kurqanlar vadisinin Sarıyoxuş dərəsindəki 2 ədəd daş örtüklü kurqanda AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımovun rəhbərliyi altında tədqiqatlara başlanılmışdır.
Qeyd edək ki, Sarıyoxuş kurqanlarında tədqiqat zamanı şimal-qərb sektorunun daş təbəqəsi toxunulmaz qalmış, şimal-şərq sektorunun daş təbəqəsinin bir qatı, cənub-şərq və cənub-qərb sektorlarının daş örtükləri isə tamamilə götürülmüşdür. Bu cür metod həm kurqanın qədim yerli sakinlər tərəfindən inşa üsulunu üzə çıxarmağa, daş örtüyün parametrlərinin qeydiyyatını aparmağa, digər tərəfdən, dəfn kamerasının zədələnmədən aşkar edilməsinə şərait yaratmışdır. Abidədən şimal-şərq istiqamətdə təqribən 20 metr məsafədə 7 metr hündürlükdə yerləşmiş Sarıyoxuş dərəsindəki 2-ci kurqanın daş örtüyünün geodezik ölçüləri qeydə alınmışdır. Dəfn kamerası cənub-qərbdən şimal-şərqə doğru təqribən 4 metr enə, 6 metr uzunluğa malik böyük daş qutu qəbir formasındadır. Yaxınlıqdakı dağlardan gətirilmiş, ağır çəkili qaltan daşlarından hazırlanmış qəbir sakral xarakter daşıyıb və o dövr insanının dini dünyagörüşündən xəbər verir.
Bu kurqanın dəfn kamerasında 13 ədəd qara cilalı keramika məmulatı aşkarlanmışdır ki, bu saxsıların da dəfn ayini üçün nəzərdə tutulduğu ehtimal edilir. Dəfn kamerası yer səthindən 2,60 sm dərinlikdə yerləşmiş iki hissədən ibarətdir. Birinci hissəsi qurbangah kimi istifadə edilmişdir ki, burada qabların üzərində o dünya üçün “azuqəlik” kimi düşünülmüş və müxtəlif hissələrə bölünərək bişirilmiş müxtəlif heyvan qalıqları (qoyun, dağ keçisi, öküz, at, inək və s. olduğu ehtimal edilən) aşkarlanmışdır. Dəfn kamerasının 2-ci hissəsi şərq tərəfdədir və tayfa başçısının qəbri burada yerləşir. Qəbir 4 tərəfdən ağac kəsmələrlə haşiyələnmişdir. Tayfa başçısının skeleti isə taxt üzərindədir. Onun yanında oxlar yerləşdirilmişdir ki, oxların obsidian və çaxmaqdaşından ibarət ucluqları da aşkar edilmişdir. Ən maraqlı tapıntılardan biri də Son Tunc dövrü üçün xarakterik olan tuncdan qılıncdır. Bundan əlavə, tayfa başçısına məxsus, üzərində xüsusi işarələr olan steatit daşından (sabun daşı da deyilir) hazırlanmış möhürdür və inanırıq ki, bu tapıntı Azərbaycan arxeologiyasına böyük zənginlik qatacaq.
Sarıyoxuş dərəsindəki 1 saylı kurqanda qəbilə başçısının yaxın silahdaşı olduğu və döyüşdə öldüyü ehtimal edilən insan skeleti aşkarlanmışdır. Bunu da onun başından daxil olub çənəsindən çıxan tuncdan ox ucluğu bir daha sübut edir. Kurqanda həmçinin Son Tunc dövrünə aid edilən tuncdan xəncərlər, dövrümüzə qədər yaxşı vəziyyətdə gəlib çatmış, Azərbaycan arxeologiyasında nadir tapıntılardan hesab edilən ağzı qapaqlı qulpsuz qab və qabın ağız hissəsini örtmüş parça qalıqları aşkar edilmişdir. Dəfn inventarının xüsusiyyətlərinə görə, kurqan dəfn kamerasındakı maddi-mədəniyyət nümunələri e.ə. I minilliyin əvvəllərinə və ya başqa sözlə desək, 3 min il əvvələ aiddir.
Bu abidələrin Son Tunc-Erkən Dəmir dövründə Azərbaycanda və ümumilikdə Cənubi Qafqazda geniş yayılmış Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin son mərhələsinə aid olduğu ehtimal edilir. Bu dövrdə Ceyrançöl torpaqlarının otlaqlar üçün yararlılığı, şirin su mənbələrinə yaxınlığı, təbiətinin zənginliyi və xüsusilə də ticarət karvanlarının bu ərazidən keçməsi qədim tayfalar üçün xüsusi əhəmiyyət kəsb etmişdir.
Qoruqda həyata keçirilən digər işlər kimi, bu layihə də uğurla yekunlaşdı və iştirakçıların böyük marağına səbəb oldu. Bu layihənin davamı olaraq “Keşikçidağda qış məktəbi” adlı yeni layihənin həyata keçirilməsi planlaşdırılır.
Musa MURSAQULİYEV
“Keşikçidağ” qoruğunun direktoru