Azərbaycanın Əməkdar artisti, Rusiya Federasiyasının Xalq artisti Tamilla Ağamirova avqustun 31-də, 93 yaşında Moskvada vəfat edib. Bu barədə aktrisanın uzun illər çalışdığı “Romen” teatrından bildirilib.

Tamilla Mirsüca qızı Ağamirova 1928-ci il mayın 21-də Bakıda anadan olub. Bakı Teatr Məktəbini və  Moskvada MXAT məktəb-studiyasını bitirib. 1952-ci ildən “Romen” Moskva Musiqili-Dram Teatrının aktrisası olub. Dünyada yeganə olan qaraçı teatrının səhnəsində bir çox parlaq obrazlar canlandırıb.

1957-ci ildə Qriqor Kozintsevun “Don Kixot” filmində rol aldıqdan sonra tanınmağa başlayır və bir sıra filmlərdə baş rola dəvət edilir. Aktrisa, həmçinin  “Azərbaycanfilm”də çəkilən ekran əsərlərində – “Onun böyük ürəyi” (1958, rejissor Əjdər İbrahimov) filmində Səmayə, “Əsl dost”da (1959, Tofiq Tağızadə) Bilqeyis, “Koroğlu”da (1960, Hüseyn Seyidzadə) Alagöz, “Matteo Falkone” (1960, Tofiq Tağızadə) filmində Cüzeppa, “Zəncirlənmiş adam”da (1964, Kamil Rüstəmbəyov) Fatma, “Yenilməz batalyon”da (1965, Hüseyn Seyidzadə) musiqi müəllimi kimi yaddaqalan obrazlar yaradıb.

Tamilla Ağamirovanın həyat yoldaşı SSRİ Xalq artisti, Nikolay Sliçenko olub. O, “Romen” teatrının bədii rəhbəri, qaraçı mahnı və romansların məşhur ifaçısı olub, bu ilin iyulunda vəfat edib.