Mədəniyyət naziri Anar Kərimov sentyabrın 3-də Britaniya Şurasının (British Council) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Samr Şahı ölkəmizdəki fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul edib.

Görüşdə mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Vasif Eyvazzadə, Britaniya Şurasının ölkəmizdəki ofisinin rəhbəri vəzifəsinə təyin olunmuş Frensis Qardener-Trexo və Britaniya Şurasının əməkdaşı Dilarə İbrahimova iştirak edib.

Qonaqları salamlayan nazir Anar Kərimov öncə Samr Şahı İordaniya üzrə Britaniya Şurasının ofis rəhbəri və Levant Klasterinin başçısı vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb.

Britaniya Şurasının ölkəmizdə mədəniyyət sahəsində həyata keçirdiyi layihələri yüksək qiymətləndirən nazir Azərbaycanın bu əməkdaşlığa önəm verdiyini və birgə fəaliyyətin Azərbaycan və Böyük Britaniya arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə istiqamətləndiyini bildirib.

Səmimi qəbula görə nazirə minnətdarlığını ifadə edən Samr Şah Azərbaycanda çalışdığı müddətdə Britaniya Şurasının əməkdaşları ilə birgə görülmüş işləri məmnunluqla vurğulayıb, mövcud əlaqələrin, səmərəli əməkdaşlığın növbəti illərdə də uğurla davam etdiriləcəyinə əminliyini bildirib, nazirə və nazirliyin kollektivinə uğurlar arzulayıb.

Görüşdə həmçinin Britaniya Şurasının ölkəmiz üzrə nümayəndəliyinin yeni rəhbəri ilə birgə fəaliyyətin uğurla həyata keçiriləcəyinə, əməkdaşlığın daha da genişləndiriləcəyinə inam ifadə edilib.

Görüş tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.