Rejissor Zamin Məmmədovun “Səs” filmi 14-17 sentyabr tarixində Bişkekdə (Qırğızıstan) keçiriləcək beynəlxalq festivalda nümayiş olunacaq.

Bu barədə “Azərbaycanfilm” Kinostudiyasından məlumat verilib. Bildirilib ki, “Səs” filmi 10-cu Qırğızıstan Beynəlxalq Film Festivalının müsabiqə proqramına daxil edilib.

Mərhum rejissor və aktyor Rövşən Almuradlının (1954-2019) ssenari müəllifi olduğu filmdə əsas rollarda Vidadi Əliyev, Nigar Məmmədova və Rəşad Səfərov çəkilib. Çəkilişlər İsmayıllı rayonunun kəndlərində aparılıb.

Ekran əsəri Qərbi Azərbaycandan (indiki Ermənistan ərazisi) zorla çıxarılmış soydaşlarımızın vətən həsrətindən bəhs edir. Filmin qəhrəmanı olan qoca oğlunun gətirdiyi doğma torpaqlarının arxiv kadrlarına baxaraq özünü sanki doğma yurd yerlərində hiss edir. Qoca hər gün kadrları izləyərək yuxulayır. Yuxusunda isə doğma kəndini görür və sonda da dünyasını vətən həsrəti ilə elə yuxuda ikən dəyişir.