Meksikanın “Canal Once” dövlət televiziyasının “Xəbərlər” proqramında işğaldan azad olunmuş ərazilərimizə səfər etmiş tanınmış meksikalı jurnalist Federiko Lamontun Şuşada səfir Məmməd Talıbovdan bölgədəki vəziyyət barədə aldığı müsahibə efirə gedib.

Azərbaycanın Meksikadakı Səfirliyindən bildirilib ki, müsahibədə əsası Pənahəli xan tərəfindən 1752-ci ildə qoyulmuş Şuşa şəhərinin Azərbaycan üçün xüsusi coğrafi-siyasi və tarixi-mədəni əhəmiyyət kəsb etdiyini bildirilib. Diplomat Şuşa şəhərinin işğaldan azad edilməsinin hər bir azərbaycanlı üçün böyük əhəmiyyət daşıdığını söyləyib.

Qeyd olunub ki, 30 illik işğal zamanı erməni vandalizminə məruz qalan və işğaldan azad edilmiş ərazilərimizdə hazırda yenidənqurma və bərpa işləri aparılır. Bu gün Azərbaycanın qarşısında duran ən vacib məsələlərdən biri azad edilmiş ərazilərin yaşayış infrastrukturunun yenidən qurulması və azərbaycanlı məcburi köçkünlərin təhlükəsiz şəkildə öz yurdlarına qayıtmasının təmin olunmasıdır.

Müsahibədə işğal zamanı Azərbaycan ərazilərinə Ermənistan tərəfindən kütləvi minalanma aparıldığı, habelə işğaldan ziyan görmüş ərazilərdə yaşayış infrastrukturunun tamamilə məhv edildiyi barədə məlumat verilib, hazırda Azərbaycan tərəfindən həmin ərazilərin minalardan təmizlənməsi istiqamətində işlərin görüldüyü qeyd olunub.

Müxbirin tanınmış fransız yazıçısı Aleksandr Dümanı (ata) şahmatda məğlub edən görkəmli Azərbaycan şairəsi Xurşudbanu Natəvan barədə sualına cavab verən səfir onun sonuncu Qarabağ xanının qızı olduğunu, Natəvan kimi Azərbaycanın bir sıra görkəmli şəxsiyyətlərinin Şuşada anadan olduğunu söyləyib. Səfir Məmməd Talıbov bir çox mədəni abidələr kimi, Xan qızı Natəvanın sarayının da erməni vandalizminə məruz qaldığı təəssüflə qeyd edib.