Yaxın gələcəkdə turistlər Azərbaycanın bol səyahət təcrübəsi vəd edən ənənəvi guşələri ilə yanaşı, zəngin tarixi, təbii və mədəni resurslara malik olan Qarabağa da səyahət edə biləcəklər.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bu barədə sentyabrın 2-də işə başlayan “PATA Travel Mart 2021” beynəlxalq turizm sərgisində “Cənub-şərqi, Qərbi və Cənubi Asiyanın turizm destinasiyaları kimi bərpası” mövzusuna həsr olunmuş sessiyada çıxışı zamanı danışıb.

Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) tərəfindən təşkil olunan sərgi bu il virtual formatda keçirilir.

Florian Zenqstşmid sessiyada ekoturizmlə bağlı təkliflər, turistlərin sağlamlığı və təhlükəsizliyi üçün görülən tədbirlər, rəqəmsal platformların inkişafı, eləcə də işğaldan azad olunmuş ərazilərin turizm imkanları haqqında danışıb.

Baş icraçı direktor qeyd edib ki, 29-dan çox ölkə üçün beynəlxalq sərhədlərin açılması və vaksinasiya prosesinin uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanda turizm sənayesinin tədricən bərpası istiqamətində işlər davam etdirilir.

Virtual sərgini ziyarət edənlər Azərbaycanın UNESCO-nun Dünya İrs Siyahısına daxil olan tarixi abidələri, mədəni irs nümunələri, sağlamlıq və rekreasiya imkanları, milli mətbəxi, eləcə də şərabçılıq ənənələri və müasir şərab zavodları ilə də yaxından tanış olublar.

Sərgi çərçivəsində keçirilən B2B (Biznesdən-biznesə) formatlı virtual görüşlərdə mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

Tədbir çərçivəsində Asiya-Sakit Okean regionu üçün səciyyəvi olan turizm təklifləri ilə yanaşı, pandemiya dövründə görülən işlər, yeni dövrdə yaranan səyahət tələbləri və turizm sənayesinin qlobal səviyyədə dirçəlməsi üçün lazım olan addımlar barədə fikir mübadiləsi aparılıb.

“PATA Travel Mart 2021” sərgisi sentyabrın 5-də başa çatacaq.