Ölkəmiz İtaliyada keçirilən “Bərpa Həftəsi – 2021” layihəsində təmsil olunub. Layihə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi, Ticarət Agentliyi (İCE) və Memarlıq, İncəsənət və Şəhərlərin Bərpası Assosiasiyasının (Assorestauro) birgə təşkilatçılığı ilə ölkənin müxtəlif şəhərlərində keçirilib. “Bərpa Həftəsi – 2021”ə Azərbaycanla yanaşı Albaniya, Livan, Kuba, Səudiyyə Ərəbistanı Krallığı və İsraildən də nümayəndə heyətləri qatılıb.

Avqustun 30-dan sentyabrın 4-dək davam edən tədbirlərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Read Qasımov iştirak ediblər.

“Bərpa Həftəsi”nin Bari şəhərinin Fiera del Levante sərgi kompleksində keçirilmiş açılış mərasimində şəhərin rəhbərliyi, təşkilatçı qurumların məsul əməkdaşları, yerli memarlar, landşaft dizaynerləri və başqaları çıxış ediblər.

Sentyabrın 2-də “Bərpa Həftəsi”ndə ölkəmizin təqdimatı olub. Açılış nitqi ilə Azərbaycan İtaliyadakı səfiri Məmməd Əhmədzadə, İtaliya Ticarət Agentliyinin Sənaye tərəfdaşlığı və beynəlxalq qurumlarla əlaqələr departamentinin müdiri Roberto Lovato və “Assorestauro”nun texniki direktoru Andrea Qriletto çıxış ediblər.

Çıxışlarda Azərbaycan-İtaliya strateji tərəfdaşlığı, müxtəlif sahələrdə mövcud olan yüksək səviyyəli əlaqələr, mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində əməkdaşlıq imkanları, o cümlədən Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və bərpası imkanlarından söz açılıb.

Dövlət Xidmətinin rəisi Azad Cəfərli Azərbaycanın Ermənistan işğalından azad olunmuş ərazilərinə “Böyük Qayıdış”a hazırlıq və mədəni irsin bərpası istiqamətində görülən işlər haqqında geniş təqdimatla çıxış edib. O, Ermənistan tərəfindən 30 il ərzində işğal altında saxlanılan ərazilərimizdə tarix və mədəniyyət abidələrinin dağıdılmasına, mənimsənilməsinə və vandalizmə məruz qalmasına, qeyri-qanuni arxeoloji qazıntıların aparılmasına dair ətraflı məlumat verib, fotofaktları təqdim edib. Həmçinin Azərbaycan tərəfindən bərpa prosesinə başlanıldığı, ərazilərin minalardan təmizləmə prosesinin davam etdiyi diqqətə çatdırılıb.

A.Cəfərli vurğulayıb ki, post-konflikt dövründə davamlı sülhün və rifahın tam bərqərar olması məqsədilə infrastruktur və şəhərsalma layihələri həyata keçirilir. Bunun məntiqi davamı olaraq Azərbaycan tərəfindən BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə “Mədəniyyət naminə sülh” kampaniyasına bağlanıldığı qeyd olunub.

Dövlət Xidmətinin rəisi qeyd edib ki, Azərbaycan tərəfi bərpa prosesi çərçivəsində qarşılıqlı faydalı təkliflərə açıqdır və bu istiqamətdə İtaliyadan olan tərəfdaşların və şirkətlərin bu prosesə töhfə verməsini müsbət qiymətləndirir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Read Qasımov İçərişəhərdə aparılan bərpa işləri haqqında, gələcəkdə açılması nəzərdə tutulan unikal muzey layihəsinə dair məlumat verib.

Tədbir çərçivəsində beynəlxalq bərpa sərgisi də təşkil olunub. Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyəti İCE, Assorestauro, İtaliya Milli Tədqiqat Şurasının (CNR), habelə İBİX (abidələrin təmizlənməsi), ENEL X (memarlıq işıqlandırılması), CORES4N (abidələrin interyerinin bərpası üzrə) kimi İtaliyanın tikinti və bərpa üzrə qabaqcıl şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib.

Azərbaycan nümayəndə heyəti “Bərpa həftəsi - 2021” çərçivəsində sentyabrın 3-də Matera şəhərində keçiriləcək tədbirlərdə iştirak edib.