14-16 sentyabrda Moskvada dünyanın ən böyük ev tekstili istehsalçılarını, təchizatçılarını və dizaynerlərini bir araya gətirən “HEIMTEXTILE 2021” sərgisi keçiriləcək.

Sərgidə Azərbaycanda ən böyük əl işi xalça istehsalçısı olan "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti də iştirak edəcək. Ziyarətçilər sərginin “Forum” pavilyonunun FC40 stendində “Azərxalça” təqdimatında eksklüziv məhsullarla tanış ola, qədim Azərbaycan xalçaçılıq sənəti nümunələrini seyr edə biləcəklər.

Sərgi təşkilatçılarının mətbuata açıqlamasında qeyd olunur, “Azərxalça” ASC-nin Azərbaycanın bölgələrində fabrikləri mövcuddur. Hər bir bölgədə onun istehsalçılarının riayət etməyə çalışdıqları öz xalçaçılıq ənənələri var. Bölgədən asılı olaraq xalçalar bəzək, sıxlıq, istifadə olunan materialların birləşməsi (pambıq, yun, ipək) və xovun hündürlüyü ilə fərqlənir. Sərgidə müasir interyerlərdə çox yaxşı görünən pastel rənglərindən istifadə etməklə hazırlanan yeni xalça kolleksiyası təqdim olunacaq. “Azərxalça” ASC öz missiyasını qədim Azərbaycan xalçaçılıq sənətinin qorunub saxlanılmasında, davam və inkişaf etdirilməsində, dünyada tanınmasında və yeni satış bazarlarının axtarılmasında, yeni nəsil xalça sənətçilərinin, toxucularının və texnoloqlarının yetişdirilməsində görür.