Əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv ƏSA Teatrının yaranmasından 5 il ötür. Teatr 2016-cı il sentyabrın 3-də rejissor Nihad Qulamzadə tərəfindən təsis olunub.

Kollektiv ötən müddətdə dünya və Azərbaycan ədəbiyyatının nümunələri – U.Şekspir, C.Steynbek, M.Meterlink, J.B.Molyer, M.F.Axundzadə və başqalarının əsərləri olmaqla doqquz tamaşa və üç performans təqdim edib. Teatr ölkədə əlilliyi olan şəxslərə daha çox diqqət ayrılması üçün sosial çarxlar da ərsəyə gətirir, dövlət və qeyri-dövlət qurumları ilə əməkdaşlıq edir.

Azərbaycan bölgələrini də yaradıcılıq nümunələri ilə tanış etməyi qarşısına məqsəd qoyan ƏSA Teatrı Naxçıvanda və Lənkəranda tamaşalar göstərib. COVİD-19 pandemiyası ilə canlı tamaşa nümayişlərini dayandıran kollektiv tamaşaçıları ilə sosial şəbəkələr və internet səhifəsi vasitəsilə görüşür.

Hazırda İkinci Qarabağ müharibəsinə həsr olunan film-tamaşa üzərində çalışan kollektivdə 20 istedadlı aktyor fəaliyyət göstərir. Kollektivə yeni uğurlar arzulayırıq.