Xəbər verdiyimiz kimi, avqustun 30-dan sentyabrın 4-dək İtaliyanın müxtəlif şəhərlərində “Bərpa Həftəsi - 2021” adlı beynəlxalq tədbir keçirilib.

Tədbir çərçivəsində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi aparatının rəhbəri Read Qasımov Matera şəhərində tok-şou formatında təşkil olunmuş tədbirə qatılıblar. Tədbir təşkilatçı qurumların sosial şəbəkə profilləri üzərindən canlı yayımlanıb.

Tok-şounun aparıcısı İtaliyanın Memarlıq, İncəsənət və Şəhərlərin Bərpası Assosiasiyasının (Assorestauro) texniki direktoru Andrea Qriletto Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşən tarix-memarlıq abidələrinin vəziyyəti, bərpa sahəsində iki ölkə arasında əməkdaşlıq imkanlarına dair suallar ünvanlayıb.

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Prezident İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı iki ölkə arasında imzalanmış “Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”, strateji əməkdaşlığın inkişafı, eləcə də 44 günlük Vətən müharibəsi zamanı İtaliyanın tutduğu ədalətli mövqedən danışıb.

Səfir Vətən müharibəsindən dərhal sonra İtaliyadan Azərbaycana rəsmi nümayəndə heyətlərinin səfərləri, işğaldan azad olunmuş ərazilərindəki bərpa və yenidənqurma işlərinə İtaliya şirkətlərinin cəlb olunması imkanlarının müzakirəsi, iki ölkə arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiya çərçivəsində keçirilmiş görüşlər haqqında məlumat verib.

Dövlət Xidmətinin rəisi Azad Cəfərli “Böyük Qayıdış” prosesindən, azad olunmuş ərazilərdə yerləşən mədəni sərvətlərin Mədəniyyət Nazirliyi tərəfindən monitorinqi və dağıdılma, mənimsənilmə və vandallığa məruz qalma vəziyyətinin öyrənilməsi haqqında söz açıb. Bildirib ki, azərbaycanlı məcburi köçkünlərin yenidən öz doğma şəhər və kəndlərinə geri dönməsi tarix və mədəniyyət abidələrinin, əcdadlarımızın minillər boyunca öz həyat tərzini, həyat fəlsəfəsini və baxışını maddiləşdirdiyi tikililərin yenidən canlandırılmasından başlayacaq. Bu, böyük bir irs, azərbaycanlıların kimliyi deməkdir. 30 il ərzində zədələnmiş hisslər yalnız abidələrimizin yenidən bərpası, qədim yaşayış məskənlərimizin abadlaşdırılması yolu ilə sağaldıla bilər. Vurğulanıb ki, azad olunmuş ərazilər dedikdə 706-sı dövlət qeydiyyatında olmaqla 2600-dən çox abidənin cəmləndiyi, Azıx, Xudafərin, Üzərliktəpə, Qutlu Musa oğlu kimi tarixi-mədəni irs abidələrinin yerləşdiyi məkan başa düşülür. Yalnız abidələrin bərpası vasitəsilə rifaha, yüksəlişə, davamlı inkişafa nail olmaq mümkündür. A.Cəfərli bu kontekstdə Azərbaycan Hökuməti tərəfindən BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə irəli sürülmüş “Mədəniyyət naminə sülh” kompaniyasını xatırladıb. Sülhün mədəniyyətin qorunması və inkişafı üçün əsas şərtləndirici amil olduğunu diqqətə çatdırıb.

Daha sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəsmisi aparılan bərpa prosesi, nəzərdə tutulan layihələr, habelə bu il qoruq ilə Matera Şəhər Bələdiyyəsi arasında dostluq və əməkdaşlıq haqqında protokolun imzalanması və əməkdaşlığın inkişaf imkanları barədə məlumat verib.

Azərbaycan nümayəndə heyətinin çıxışları işğaldan azad edilmiş ərazilərimizdə yerləşən mədəni irsimizə qarşı Ermənistan tərəfindən törədilmiş vandalizm aktlarına dair videomateriallarla müşayiət olunub.

Tədbirdə Matera Şəhər Bələdiyyəsinin mədəniyyət məsələləri üzrə müşaviri, Albaniya və Livanın nümayəndələri də çıxış ediblər.

Xatırladaq ki, İtaliyada “Bərpa Həftəsi -202” tədbirinin Bari şəhərinin Fiera del Levante sərgi kompleksində keçirilmiş açılış mərasimində sonra ölkəmizin təqdimatı olmuşdu.