Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un nəzdində türk xalqlarının zəngin musiqi sənətini dünyaya tanıdan yaradıcı kollektivlər də fəaliyyət göstərir. Onlardan biri TÜRKSOY Gənclər xorudur.

Pandemiya səbəbindən çıxışlarına bir müddət ara verən kollektiv Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə Türkiyənin şəhərlərinə qastrol səfərinə çıxıb.

Xorun ilk konsert proqramı sentyabrın 2-də Hatay şəhərində təşkil edilib. Onlarla fərqli xalqın mədəniyyətinə ev sahibliyi edən, sülh, qardaşlıq və tolerantlığın paytaxtı hesab edilən Hatayda keçirilən konsert böyük maraqla qarşılanıb.

Hatay Böyükşəhər Bələdiyyəsinin başqanı Lütfü Savaşın da qatıldığı tədbir Türkiyədə qeyd olunan “Yunus Əmrə və Türk Dili İli” çərçivəsində Ahmet Adnan Saygunun “Yunus Əmrə” oratoriyasından bir bölümlə başlayıb. Konsert proqramında türkdilli ölkələrin musiqiləri yer alıb.

2015-ci ildə türkdilli ölkələrin konservatoriyalarında oxuyan gənc vokalçılardan təşkil olunan və həmin il Almaniyada keçirilən Dünya Xor Olimpiadasında mükafata layiq görülən TÜRKSOY Gənclər xorunda bu il Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyədən 27 gənc ifaçı yer alıb. Xorun dirijoru Qazaxıstan Filarmoniyası Xorunun rəhbəri Gülmirə Kuttibadamovadır.

Ötən illərdə konsertləri TRT kanalında yayımlanan, müxtəlif albomlarla izləyicilərin qarşısına çıxan səs sənətçiləri bu il İzmirdə keçirilən Dünya Birləşmiş Şəhərlər və Yerli İdarələr Təşkilatının Mədəniyyət zirvəsinin bağlanışında da çıxış edəcəklər. Sentyabrın 11-də keçiriləcək konsert proqramına Azərbaycandan vokalçı Çinarə Şirinova da qatılacaq.

Mehparə SULTANOVA
Ankara