Niderlandın Haaqa şəhərində keçirilən ənənəvi “Səfirliklər Festivalı”nda ölkəmiz də təmsil olunub. Stendlər vasitəsilə səfirliklər ölkələrin mədəniyyətlərini, milli mətbəxlərini və rəqslərini nümayiş etdiriblər.

Artıq 9 ildir keçirilən festivalda Azərbaycan səfirliyinin stendi iştirakçı və ziyarətçilərin diqqət mərkəzində olub. Stendimizdə milli geyimlərimiz, mətbəximizin təamları və Azərbaycan şərabları nümayiş olunub. Ziyarətçilər Azərbaycan mətbəxinin ləziz təamlarını həvəslə dadıblar.

Haaqa şəhərinin meri Jan van Zanen də Azərbaycan stendinə yaxınlaşaraq, ölkəmizin Niderland Krallığındakı səfiri Fikrət Axundovla görüşüb. Mer səfirliyimizin ənənəyə çevrilmiş festivalda həmişə yüksək səviyyədə təmsil olunduğunu vurğulayıb.

Festival müddətində ziyarətçilərə ölkəmiz, mədəniyyətimiz, eləcə də Azərbaycanın turizm imkanları haqqında ətraflı məlumat verilib. Köln şəhərində fəaliyyət göstərən “Nart Dans Köln” rəqs qrupu milli rəqslərimizi təqdim edib. Azərbaycan rəqsi sürəkli alqışlarla qarşılanıb.