14-22 yaşında hər kəs muzey və teatrları pulsuz ziyarət edə biləcək

 

Rusiya Federasiyası Hökuməti sentyabrın 1-dən başlayaraq 14-22 yaşlı gənclər üçün nəzərdə tutulan “Puşkin kartı” proqramına başlayıb. Gənclərə teatr, muzey, konsert salonları və digər mədəniyyət müəssisələrini pulsuz ziyarət etmək imkanı verən bu kartın tətbiqi qonşu ölkənin mədəni mühitində böyük məmnunluqla qarşılanıb.

Proqram 2021-ci ilin sonunadək kart sahiblərinə mədəniyyət ocaqlarına bilet almaq üçün müəyyən məbləğdə limit ayırır. Bir neçə gün ərzində minlərlə təşkilat, həm də təkcə dövlət qurumları deyil, özəl qurumlar da layihəyə qoşulmaq istəyini bildirib. 

Yaşayış yerindən asılı olmayaraq Rusiyanın istənilən regionunda istifadə ediləcək kart sisteminin təşəbbüskarı Rusiya Prezidenti Vladimir Putindir. Yeni sistem gənclərin dövlət hesabına mədəniyyət və incəsənət hadisələrindən kənarda qalmamasına şərait yaradır. Baş nazir Mixail Mişustin proqramın ilk mərhələsi üçün 3,9 milyard rubl vəsait ayrılması üçün sərəncam verib. Hesablamalara görə, hazırda Rusiyada yaşayan 14-22 yaşlı 13 milyon oğlan və qız “Puşkin kartı”nın sahibi olacaq.

Bəs niyə məhz “Puşkin kartı”? A.S.Puşkin adına Dövlət Təsviri Sənət Muzeyində baş tutmuş yeni proqramın təqdimat mərasimində vitse-premyer Tatyana Qolikova qeyd edib ki, ad seçimi təsadüfi deyil. Aleksandr Puşkin rus mədəniyyətinin əsas rəmzlərindən biridir, onu bütün dünya tanıyır və sevir. Rus mədəniyyətinin elçisi sayılan dahinin adını daşıyan kart da gənclər arasında mədəniyyətə marağı artırmağa xidmət edəcək.

“Puşkin kartı” bank kartı olsa da, o, yalnız xüsusi komissiyanın repertuarını bəyəndiyi mədəniyyət müəssisələrinin bileti üçün keçərlidir. Bu məbləği başqa məqsədli onlayn ödəniş üçün istifadə etmək, kartdan pul çəkmək də mümkün deyil: hesabda fiziki vəsait yoxdur, o, yalnız bileti alınmış muzey və ya teatrın hesabına birbaşa daxil olur. Kinoteatr və sirk daha çox əyləncə sənayesinə aid edildiyindən onlar bu proqramdan kənarda qalıb. “Puşkin kartı”nın əhatə dairəsinə ölkə üzrə 1353 mədəniyyət müəssisəsindən 7 min tədbir daxil edilib. Kultura.rf portalında və smartfonlar üçün xüsusi əlavədən bileti onlayn şəkildə də almaq olar. İnternetə çıxışı olmayan gənclər isə “Poçta Banka”nın istənilən şöbəsində plastik kart əldə edə bilərlər. İlin sonunadək kartdakı pul vəsaiti 3000 rubl olacaq, növbəti ildə isə 5000 rubladək artırılması nəzərdə tutulur. Kartda yığım sistemi yoxdur, yəni, ilin sonunda xərclənməmiş məbləğ sıfırlanacaq. Üstəlik, kartlar ünvanlıdır; kartla bilet alan gənc həm də şəxsiyyəti təsdiqləyən sənəd təqdim etməlidir.

Vitse-premyer Tatyana Qolikova əmindir ki, belə bir kartın mövcudluğu və gənclərin seçimi mədəniyyət müəssisəsi rəhbərlərini ekspozisiyaları təzələmək, gənc rusiyalıların zövqünə uyğun tamaşalar qurmaq barədə də düşünməyə vadar edəcək. 

GÜLCAHAN