Mədəniyyət Nazirliyinin “İslam irsimizi tanıyaq” layihəsi çərçivəsində təqdim olunan növbəti videomaterial Bakıdakı Təzəpir məscidi haqqındadır.

Təzəpir məscidi Hacı Nabat xanım Aşurbəyova tərəfindən 1905-1915-ci illərdə inşa etdirilib. Nabat xanım tikiləcək məscidin memarının azərbaycanlı olmasına xüsusi əhəmiyyət verib. Bu məqsədlə Peterburqda təhsil almış ilk azərbaycanlı memar, əslən Şamaxıdan olan Zivər bəy Əhmədbəyovu dəvət edərək ona böyük miqdarda pul verib, İstanbula və ərəb ölkələrinə göndərib. Ezamiyyətin məqsədi bu ölkələrin məşhur məscidlərinin memarlığı ilə tanış olmaq idi. Zivər bəy Əhmədbəyovun Təzəpir məscidinin layihəsinə dair ideyası da belə yaranıb.

SSRİ dövründə bir çox dini abidələr, ibadət məkanları müxtəlif təyinatlı müəssisələrə çevrilmişdi. 1934-cü ildən Təzəpir məscidi çay fabriki, yay kinoteatrı, anbar və s. kimi istifadə edilib. Sonralar Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi bərpa olunub və məscid fəaliyyətini davam etdirib.

Eyni zamanda möhtəşəm memarlıq abidəsi olan məscid təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini mərkəzi hesab olunur. Qafqaz Müsəlmanları İdarəsi burada yerləşir.

2005-ci ildə Prezident İlham Əliyevin göstərişi əsasında məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsi hazırlanıb, 2007-2009-cu illərdə məscid əsaslı şəkildə təmir olunub.

“İslam irsimizi tanıyaq” layihəsində Təzəpir məscidi haqqında videomaterialı bu linkdə izləmək mümkündür: https://youtu.be/-OTuc2fqyFA