Azərbaycan Milli Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova  31 avqust-5 sentyabr tarixlərində gerçəkləşən “Selvedge-2021” Virtual Dünya Satış-Sərgisi çərçivəsində təşkil olunan “Yaradıcılıq günü” proqramının sessiyasına moderatorluq edib.

Xalça Muzeyindən bildirilib ki, onlayn sessiyada Finlandiyadan tekstil üzrə rəssam Maya Esko, Hindistandan tekstil dizayneri Şayviya Qupta, Şri-Lankanın “BAREFOOT” dizayn və tekstil evindən Dominik Sansoni, Meksikadan yerli toxuculara və sənətkarlara dəstək olan hüquq müdafiəçisi Patris Perilli maraqlı təqdimatlarla çıxış ediblər.

Ş.Məlikova sessiyada Azərbaycan mədəniyyətinin simvolu, xalqımızın həyat tərzində əsas rol oynayan xalça sənəti haqqında məlumat verib. O, iştirakçılara muzeyin yeni layihələri, inklüziv proqramları, boyama sənətinin inkişafı və qədim xalçatoxuma texnikalarının dirçəldilməsi istiqamətində fəaliyyətindən ətraflı bəhs edib.

Sonra izləyicilər muzeyin Beynəlxalq əlaqələr və innovasiyalar şöbəsinin müdiri Firahnaz Musayevanın bələdçiliyi ilə Bakıya – dünyanın ilk Xalça Muzeyinə virtual tura dəvət olunublar. Xalq rəssamı Eldar Mikayılzadə ilə onun emalatxanasında onlayn görüş təşkil edilib. Xalçaçı rəssam ölkəmizdə xalçaçılıq ənənələrinin yaşadılması, inkişaf etdirilməsi haqqında məlumat verib, həmçinin yeni yun və ipək xalçaların toxunma prosesini nümayiş etdirib.

 “Yaradıcılıq günü” proqramında Yeni Zelandiya, Honq-Konq, Yaponiya, Hindistan, Misir, Avstriya, Böyük Britaniya, Kolumbiya, Çili, Meksika və Kanadadan sənətkarlar təmsil olunublar.

Qeyd edək ki, geyim mədəniyyətinin və yaradıcılığının bayramı sayılan “Selvedge” sərgisində 75 ölkədən 150-dən çox sənətkar öz milli mədəni irsini, tekstil ənənələrini nümayiş etdirib.